Gələn həftənin sonunadək bp Türkiyədə işini ştat rejimində bərpa edəcək - Qeri Cons

Gələn həftənin sonunadək bp Türkiyədə işini ştat rejimində bərpa edəcək - Qeri Cons

Bakı. TurkicWorld:

Gələn həftənin sonunadək bp Türkiyədə işini ştat rejimində bərpa edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qeri Cons bp-nin gələcək planlarına həsr edilmiş brifinqdə deyib.

Onun sözlərinə görə, SOCAR və bp Türkiyədəki zəlzələdən dərhal sonra Ceyhan terminalının Bakı-Tbilisi-Ceyhan (BTC) Boru Kəməri ilə neft qəbul edilən hissəsinin yoxlanışına başlayıb.

"Yoxlama nəticəsində heç bir ciddi zədə aşkarlanmadı. Bu səbəbdən ixrac əməliyyatları dayandırılmadı. Lakin təhlükəsizlik məqsədilə neft tankerlərinin yüklənməsi əməliyyatları dayandırılmışdı", - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə əlaqədar olaraq Ceyhan terminalında tankerlərin yüklənməsi üzrə əməliyyatlar BTC Boru Kəmərinin Türkiyədəki operatoru olan Botaş International Anonim Şirketi (BIAS) tərəfindən müvəqqəti olaraq dayandırılmışdı. Tankerlərə neft yüklənməsi fevralın 12-də bərpa olunub.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il mayın 18-də boru kəmərinə neft yüklənib.