Azərbaycanda yeni bp platformasının işə salınması Avrasiyadan neft tədarüklərini dəstəkləyəcək

Azərbaycanda yeni bp platformasının işə salınması Avrasiyadan neft tədarüklərini dəstəkləyəcək

Bakı. TurkicWorld:

Azərbaycanda yeni bp şirkətinin "Mərkəzi Şərqi Azəri" (ACE) platformasının işə salınması Avrasiyadan neft tədarüklərini dəstəkləyəcək.

TurkicWorld bu barədə Beynəlxalq Enerji Agentliyinə (BEA) istinadən xəbər verir.

Agentlik 2022-ci ildə Azərbaycanda neft istehsalının ümumi həcminin 670 000 barelədək azaldığını və gözlənildiyi kimi, proqnozlaşdırılan bütün dövr ərzində (2028-ci ilədək) bu səviyyədə qalacağını qeyd edir.

Hasilatın azalmasına baxmayaraq, bp qrafikə uyğun olaraq "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının 6 milyard dollar dəyərində genişləndirmə layihəsini həyata keçirir. Gündəlik əlavə 100 000 barelin ACE platformasından tədarük olunacağı gözlənilir.

BEA analitikləri qeyd edirlər ki, 2009-cu ildə təqribən 840 000 barel orta illik pik həddinə çatmış AÇG bloku 2022-ci ildə gündəlik 390 000 barel hasil edib.

Qeyd edək ki, ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunması proqnozlaşdırılır. Platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək və idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib.