Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Bakı. TurkicWorld:

Azərbaycan Türkiyəyə maye qaz ixracını 2023-cü ilin yanvar ayında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 10,74 faiz artıraraq 796,32 milyon kubmetrdən 881,85 milyon kubmetrə çatdırıb.

TurkicWorld bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyəyə maye qaz ixracının həcminə görə ikinci yer tutub.

Bu ilin yanvar ayında Türkiyəyə ən böyük təbii qaz ixracçısı 2,144 milyard kubmetr göstərici ilə Rusiya olub. Göstərici 2022-ci ilin analoji dövründəki tədarüklə müqayisədə 18,13 faiz azdır.

Üçüncü yerdə 763,81 milyon kubmetr göstərici ilə Əlcəzair dayanıb ki, bu göstərici 2022-ci ilin yanvarı ilə müqayisədə 12,67 faiz çoxdur.

Qeyd olunan dövrdə Türkiyə bütünlükdə qaz idxalını 2022-ci ilin yanvar ayı ilə müqayisədə 9,79 faiz azaldaraq 6,705 milyard kubmetrdən 6,048 milyard kubmetrə salıb ki, bunun da təqribən 3,217 milyard kubmetri boru kəmərləri ilə tədarüklərin, 2,831 milyard kubmetri isə maye təbii qazın (MTQ) payına düşüb.

Türkiyənin boru kəmərləri ilə qaz idxalı 2022-ci ilin yanvar ayı ilə müqayisədə 20,84 faiz azalıb, MTQ idxalı isə 7,21 faiz artıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatlarına əsasən, 2023-cü il yanvarın 1-dək Azərbaycan Avropaya 11,4 milyard kubmetr maye təbii qaz nəql edib.

2022-ci ildə Türkiyəyə 8,4 milyard, Gürcüstana isə 2,5 milyard kubmetr qaz nəql olunub.

Ötən il Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil olunub. Bu göstərici 2021-ci illə müqayisədə 6,5 faiz və ya 2,9 milyard kubmetr artıb. Belə ki, "Azəri-Çıraq-Günəşli" yatağından 13,4 milyard kubmetr, "Şahdəniz" yatağından isə 25,2 milyard kubmetr qaz hasil olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 8,1 milyard kubmetr qaz hasil olunub. 2022-ci il ərzində hasil edilən Azərbaycan qazının ümumi həcminin 22,3 milyardı ixrac olunub ki, bu da 2021-ci illə müqayisədə 18 faiz yüksəkdir.