Bakı. TurkicWorld:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və "Turan Fibron Pipe" MMC (TFP) Azərbaycanda qabaqcıl çevik kompozit boru həllərinin yerli istehsalı və təchizatı sahəsində əməkdaşlıq çərçivəsini müəyyən edən Əsas Şərtlər üzrə Razılaşma (Heads of Agreement — HoA) imzalayıblar.
Bu barədə TurkicWorld-a "Turan Energy Group" şirkətindən məlumat verilib.
Bildirilib ki, razılaşma qabaqcıl kompozit boru texnologiyalarının lokallaşdırılmasını, texnologiya transferini və "Made in Azerbaijan" markası altında yeni ixrac məhsulunun yaradılmasını dəstəkləyir.
"Bu Razılaşma SOCAR və "Turan Energy" arasında 24 dekabr 2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumunun davamıdır və cari ilin əvvəlində "Turan Energy" və "Fibron Pipe" tərəfindən Azneft ilə əməkdaşlıq çərçivəsində "Abşeronneft" NQÇİ-də uğurla həyata keçirilmiş pilot layihəyə əsaslanır. Pilot layihə texnologiyanın yerli istismar şəraitində sınaqdan keçirilməsini təmin etmiş və onun lokallaşdırılması, eləcə də sənaye miqyasında tətbiqinə keçid üçün texniki zəmin yaradıb", - məlumatda qeyd edilib.
Eyni zamanda bildirilib ki, planlaşdırılan istehsal layihəsi Azərbaycanın sənaye potensialını Avstriyanın "Fibron Pipe GesmbH" şirkətinin tam birləşdirilmiş möhkəmləndirilmiş termoplastik boru texnologiyası, lisenziyası və istehsal sahəsində təcrübəsi ilə birləşdirir: "Lokallaşdırma modeli yerli xammaldan istifadə də daxil olmaqla, yerli komponentlərin payının 80%-dək artırılmasını nəzərdə tutur. Bu çərçivədə SOCAR Polymer şirkətinin yerli xammal təchizatçısı kimi mühüm rol oynaması gözlənilir.
Tam gücləndirilmiş möhkəmləndirilmiş termoplastik borular neft və qaz sənayesində müvafiq tətbiqlər üçün bir sıra üstünlüklər təqdim edir. Korroziyaya davamlı konstruksiya və hamar daxili səth hidravlik müqaviməti və təzyiq itkilərini azalda, axının səmərəliliyini artıra, həmçinin korroziya ilə əlaqədar texniki xidmət və boruların dəyişdirilməsi xərclərini aşağı sala bilər. Bobinlər şəklində daşına bilən quraşdırma, birləşmə nöqtələrinin azlığı və daha sürətli qaynaqsız quraşdırma boru kəmərlərinin dəyişdirilməsi və texniki müdaxilə müddətlərini qısalda, aktivlərin fasiləsiz istismarını yaxşılaşdıra və ümumi sahibolma xərclərini azalda bilər. Bu xüsusiyyətlər qaynaq işlərinin, ağır logistika əməliyyatlarının, təkrarlanan texniki xidmətin və dəyişdirmə işlərinin həcmini azaltmaqla istismar dövrü ərzində emissiyaların aşağı salınmasına da töhfə verə bilər".
"Turan Energy Group"un Müşahidə Şurasının sədri Həbib Həsənov bildirib ki, razılaşma "Turan Energy Group" üçün mühüm mərhələdir: "Biz texnologiyaya əsaslanan enerji xidmətlərindən Azərbaycanda qabaqcıl istehsal sahəsinə doğru irəliləyirik. "Fibron Pipe" ilə birlikdə məqsədimiz müasir kompozit boru texnologiyalarını lokallaşdırmaq, Avropa təcrübə və biliklərini ölkəmizə transfer etmək, eləcə də yerli mühəndislik və istehsal potensialını gücləndirməkdir.
Yerli xammalın istifadəsi hesabına yerli komponentlərin payını 80%-dək çatdırmağı hədəfləyirik. İnanırıq ki, bu texnologiya SOCAR kimi operatorlara boru kəmərlərinin səmərəliliyini və etibarlılığını artırmağa, eyni zamanda istismar dövrü üzrə xərcləri və boru kəmərlərinin tikintisi və texniki xidməti ilə əlaqədar karbon izini azaltmağa kömək edə bilər.
Bununla yanaşı, məqsədimiz Xəzər regionunda və onun hüdudlarından kənarda ixrac üçün nəzərdə tutulan, Azərbaycanda istehsal edilmiş yeni yüksək texnologiyalı məhsul yaratmaqdır. Lokallaşdırma, texnologiya transferi, dekarbonizasiya və ixrac Turan Fibron Pipe üzrə baxışımızın dörd əsas sütununu təşkil edir", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, TFP üçün bu Razılaşma Azərbaycanda SOCAR-a və digər operatorlara xidmət göstərə biləcək qabaqcıl istehsal platformasının yaradılması istiqamətində mühüm mərhələdir: "Layihə müvafiq tətbiqlərdə idxal olunan polad borulardan asılılığın azaldılmasına da imkan yaratmalıdır. Layihə çərçivəsində 100-dək yeni iş yerinin yaradılması, planlaşdırılan istehsal həcminin təxminən üçdə birinin isə ixrac bazarlarına yönəldilməsi gözlənilir.
Kompozit və möhkəmləndirilmiş termoplastik boru texnologiyaları hasilat xətlərində, suyun neft və qaz laylara vurulması sistemlərində, qaz nəqli və digər mürəkkəb istismar şəraitində istifadə olunmaq və müvafiq texniki tələblərə uyğunluğu təsdiqlənmək məqsədilə aparıcı beynəlxalq neft-qaz operatorları tərəfindən getdikcə daha geniş tətbiq edilir. TFP bu beynəlxalq texnoloji tendensiyanı yerli istehsala gətirməyi və Azərbaycanı qabaqcıl kompozit boru həlləri üzrə regional istehsal və ixrac mərkəzinə çevirməyi hədəfləyir.
Müvafiq yekun müqavilələrin uğurla bağlanması, eləcə də zəruri korporativ və tənzimləyici təsdiqlərin alınması şərtilə, tərəflər layihənin kommersiya, texniki və icra çərçivəsinin hazırlanması üzrə əməkdaşlığı davam etdirmək niyyətindədirlər".
Qeyd edək ik, "Turan Energy Group" Azərbaycanda fəaliyyət göstərən, enerji və sənaye sektorlarında qabaqcıl həllərin tətbiqinə yönəlmiş texnologiya əsaslı enerji xidmətləri qrupudur. Qrup texnologiya transferini, lokallaşdırmanı və ixracyönümlü sənaye inkişafını dəstəkləyən investisiyalar vasitəsilə yerli istehsal sahəsini genişlənir.
"Turan Fibron Pipe" MMC isə Avropanın Fibron Pipe şirkətinə məxsus xüsusi tam birləşdirilmiş möhkəmləndirilmiş termoplastik boru (RTP) texnologiyasından istifadə etməklə qabaqcıl çevik kompozit boru sistemlərinin yerli istehsalını inkişaf etdirmək məqsədilə yaradılmış Azərbaycanda fəaliyyət göstərən sənaye şirkətidir. Şirkətin əsas fəaliyyət istiqamətləri lokallaşdırma, texnologiya transferi, əməliyyat səmərəliliyi və ixracın inkişafıdır.







