Son dəqiqə

SOCAR

SOCAR-ın qaz emalı 17% azalıb, neft-kimya məhsullarının ixracı artıb

BAKI,TurkicWorld

2026-cı ilin üçüncü rübündə SOCAR tərəfindən qaz emalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16,9% azalıb. Bununla yanaşı, şirkətin Azərbaycandakı müəssisələrində istehsal olunan neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında artım qeydə alınıb.

Bu barədə Trend SOCAR-ın məlumatları əsasında hesablama aparıb.

Belə ki, SOCAR-ın məlumatına görə, cari ilin iyul-sentyabr aylarında şirkət tərəfindən 631,7 milyon kubmetr qaz emal edilib. 2025-ci ilin üçüncü rübündə bu göstərici 760,1 milyon kubmetr təşkil edib. Beləliklə, qaz emalı 128,4 milyon kubmetr azalıb.

Hesabat dövründə neft emalının həcmi isə 1 milyon 626,5 min ton olub. Ötən ilin eyni dövründə 1 milyon 680,3 min ton neft emal edilmişdi. İllik müqayisədə azalma 3,2% təşkil edib.

Emal göstəricilərindəki azalmaya baxmayaraq, hazır məhsulların ixracı artıb. Belə ki, SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 657,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara göndərilib.

2025-ci ilin üçüncü rübündə bu məhsulların ixracı 639,2 min ton təşkil edib. Beləliklə, ixracın həcmi 18,2 min ton və ya 2,8% artıb.

Ümumilikdə, bu ilin üçüncü rübündə SOCAR tərəfindən 21 min metrdən çox qazma işləri həyata keçirilib.

Hesabat dövründə həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,3% artıb.

Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,7 milyon ton neft, 1,7 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 12,5 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2026-cı ilin üçüncü rübü üzrə Azərbaycanda 6,6 milyon ton xam neft hasil olunub.

Bu ilin 3-cü rübündə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 5,7 milyard kubmetrdən çox, istehlakı isə 2,3 milyard kubmetrə yaxın olub.

Mövzuya görə xəbərlər