BAKI, TurkicWorld
Azərbaycan 2025-ci ilin noyabr ayında Türkiyəyə boru kəməri ən çox qaz ixrac etmiş ölkələrin ilk üçlüyündə mövqeyini möhkəmləndirib.
TurkicWorld bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.
Hesabat dövründə Türkiyə Azərbaycandan 1,036 milyard kubmetr təbii qaz idxal edib ki, bu da 2024-cü ilin noyabr ayının göstəricisi ilə müqayisədə 6,81 faiz çoxdur. Bununla yanaşı, Azərbaycan aylıq tədarük həcmlərinə görə İran İslam Respublikasını geridə qoyaraq Rusiya Federasiyasından sonra Türkiyəyə boru kəməri qazı ixrac edən ikinci ən böyük təchizatçı olub.
Eyni dövrdə Türkiyə İran İslam Respublikasından 888,64 milyon kubmetr təbii qaz idxal edib ki, bu da bir il əvvəlki 853,82 milyon kubmetrlə müqayisədə 4,08 faiz artım deməkdir. Rusiya Federasiyası isə ən böyük təchizatçı statusunu qoruyub saxlayaraq noyabr ayında Türkiyəyə təxminən 1,205 milyard kubmetr təbii qaz ixrac edib. Halbuki ötən ilin analoji dövründə bu göstərici 2,729 milyard kubmetrdən çox olub.
Ümumilikdə, 2025-ci ilin noyabr ayında Türkiyənin təbii qaz idxalı təxminən 5,038 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,23 faiz azdır. Boru kəməri qazının idxalı 3,130 milyard kubmetr (31,25 faiz azalma), mayeləşdirilmiş təbii qazın idxalı isə 52,24 faiz artaraq 1,908 milyard kubmetr olub.






