BAKI,TurkicWorld
ABŞ-nin "Zerust Integrity Solutions" şirkəti gələn il üzrə Azərbaycanda neft-qaz sahəsi üzrə bir sıra müəssisə və platformalarda korroziyaya qarşı xidmətlərini təqdim etməyi planlaşdırır.
TurkicWorld xəbər verir ki, bunu şirkətin Xəzər regionu üzrə rəhbəri Ruslan Cəfərov bu gün Bakıda keçirilən "Asset Integrity & Corrosion and Coatings Conference" tədbiri çərçivəsində Trend-ə açıqlamasında deyib.
O, şirkətin Azərbaycandakı fəaliyyət istiqamətlərindən bəhs edib:
"Azərbaycanda 5 ildən çoxdur ki, fəaliyyət göstəririk. 50 illik tarixə malik müəssisəmizin mərkəzi ofisi ABŞ-də yerləşir və 70 ölkədə məhsul və xidmətlərimizi təqdim edirik.
Əsas fəaliyyət istiqamətimiz hər hansı zavodlarda, müəssisələrdə kimyəvi məhsullarımızla korroziyanın qarşısını almaqdır. Nəticədə həmin müəssisələrin ömrünü 10 ilədək artırmış oluruq".
Şirkət rəsmisi indiyədək Azərbaycanda strateji əhəmiyyətli layihələrdən iştirakla bağlı Səngəçal terminalında fəaliyyətlərini qeyd edib və növbəti təklifləri dəyərləndirdiklərini vurğulayıb:
"Hazırda ölkədə bir neçə neft-qaz platformasında korroziyaya qarşı xidmətlər göstəririk. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə görüşlər keçiririk. Danışıqlarımızda gələn il üzrə Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) və onun nəzdində olan müəssisələrdə məhsul və xidmətlərimizin göstərilməsini müzakirə edirik".







