...

Moldova Cənub Qaz Dəhlizi ilə qaz almaqda maraqlıdır - Moldova baş nazirinin müavini (FOTO)

Energetika Müsahibə 6 İyun 2022 08:57
Trend Daspina Hasanova
Moldova Cənub Qaz Dəhlizi ilə qaz almaqda maraqlıdır - Moldova baş nazirinin müavini (FOTO)

Bakı. TurkicWorld:

Azərbaycan Avropada enerji böhranının aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Bunu Trend-ə özəl müsahibəsində Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu deyib.

"Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimindəki nitqində vurğuladı ki, 1994-cü ildə xarici şirkətlərlə hasilatın pay bölgüsü haqqında imzalanmış ilk müqavilədən indiyədək müqavilələrdə bir söz belə dəyişiklik edilməyib. Bu, Azərbaycanın etibarlı tərəfdaş olduğunu göstərir. Yeni geosiyasi şəraitdə Azərbaycan qaz, neft və bərpa olunan enerji mənbələrinin tədarükü üçün alternativ marşrut təmin etməklə təkcə Moldova üçün deyil, bütövlükdə Avropa üçün strateji tərəfdaş ola bilər. Ümid edirəm ki, bu enerji böhranı tezliklə başa çatacaq və hesab edirəm ki, Azərbaycan həqiqətən də bu böhranın aradan qaldırılmasında mühüm rol oynaya bilər", - deyə A.Spınu bildirib.

Baş nazirin müavini hesab edir ki, Azərbaycan enerji mənbələrinin şaxələndirilməsində Moldovanın strateji tərəfdaşlarından birinə çevrilə bilər.

"Biz bütün dünyada enerji böhranı ilə üzləşmişik və bu, Avropaya, o cümlədən Moldovaya çox təsir edib. Moldovanı enerji resursları ilə təmin etmək üçün müxtəlif mənbələr tapmağa çalışırıq. Bakı Enerji Həftəsi bizi maraqlandıran mövzuya həsr olunmuş ən böyük tədbirlərdən biridir və buna görə də mənim burada iştirakım vacib idi. Birinci gün Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdüm. Mən həmçinin kənd təsərrüfatı naziri İnam Kərimovla da görüşdüm, çünki mən hökumətlərarası komissiyanın Moldovadan, İ.Kərimov isə Azərbaycandan həmsədridir. Komissiyanın növbəti iclasının təşkilini müzakirə etdik. Sonuncu belə görüş 10 il əvvəl keçirilib, ona görə də düşünürük ki, növbəti görüşün vaxtı çatıb. Sentyabrın əvvəlində bunu təşkil etmək və hazırlıqlara başlamaq qərarına gəldik. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla da görüşüm oldu. İqtisadi əlaqələrimizi, ticarət əlaqələrimizi yaxşılaşdırmaq, Moldova və Azərbaycanda layihələrə sərmayə yatırmaq barədə çox səmərəli müzakirələr apardıq. Sentyabrda keçiriləcək görüşdə konkret nəticələrin olacağı gözlənilir", - deyə A.Spınu bildirib.

Onun sözlərinə görə, Moldova Cənub Qaz Dəhlizi ilə qaz almaqda maraqlıdır.

"Biz Rumıniya və Bolqarıstanla çox sıx əməkdaşlıq edirik. Bolqarıstan artıq Cənub Qaz Dəhlizinə qoşulub və Rumıniya da bu istiqamətdə işlər görür. Təbii ki, biz də bunun bir parçası olmağı səbirsizliklə gözləyirik. Biz uzunmüddətli müqavilələrdə maraqlıyıq. Bizim Rumıniya ilə interkonnektorumuz var, Ruməniyanın Bolqarıstanla interkonnektoru var, Bolqarıstan isə artıq Cənub Qaz Dəhlizinə qoşulub. Trans-Balkan qaz kəməri də qazın Moldovaya çatdırılması variantı sayıla bilər. Moldovanın Cənub Qaz Dəhlizi vasitəsilə nə qədər qaz alacağını dəqiq deyə bilmərəm, çünki hazırda müzakirələr gedir. Moldova ildə təxminən 3 milyard kubmetr qaz istehlak edir. Biz ildə 1 milyard kubmetrdən 3 milyard kubmetrə qədər qaz tədarükü üçün müqavilə bağlamaq istərdik", - deyə Baş nazirin müavini bildirib.

A.Spınu əlavə edib ki, Moldovada enerji təhlükəsizliyi ilə bağlı vəziyyət hazırda çox çətindir.

"Rusiya-Moldova şirkəti “Moldovagaz”ın “Qazprom”la 5 illik müqaviləsi var. Hazırda qazı “Qazprom”dan alırıq, lakin gələcəkdə tədarükün davam etdirilməsi ilə bağlı qeyri-müəyyənliklər var. Ən çətin məsələ qiymətlərlə bağlıdır, çünki Moldova varlı ölkə deyil və qazın qiyməti bizim üçün çox böyükdür. Son 7-8 ayda əhali üçün tariflər 5 dəfə artıb ki, bu da əhalimizin əksəriyyətinin imkanlarından tamamilə kənardır. Moldovada inflyasiya təxminən 27-30 faiz təşkil edir ki, bu da qismən yüksək qaz qiymətləri, eləcə də beynəlxalq bazarda günü-gündən artan neft qiymətləri ilə bağlıdır. Beləliklə, bizim bir sıra vəzifələrimiz var: birincisi, tədarükün təhlükəsizliyini təmin etmək, ikincisi, Moldova kimi ölkələr üçün əlverişli ola biləcək qiymətləri razılaşdırmaq, çünki biz qazın qiymətini çox yüksək olan bazar qiymətləri ilə ödəyə bilmərik", - deyə A.Spınu əlavə edib.

Onun sözlərinə görə, texniki cəhətdən Moldova hər yerdən qaz ala bilər.

"Əsas məsələ qazı necə əldə etmək deyil, Moldovada iqtisadiyyat, ev təsərrüfatları üçün məqbul olan müqavilənin olmasıdır. Biz bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində də işimizi sürətləndirmişik. Hazırda biz müvafiq qanunvericiliyə investorlar üçün cəlbedici olması üçün düzəlişlər üzərində işləyirik. Biz gələn ilin payızında tenderlər keçirməyi planlaşdırırıq və təbii ki, azərbaycanlı investorları da bu tenderlərdə iştiraka dəvət edəcəyik", - deyə Baş nazirin müavini bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti