Şuşada böyük bir yanacaqdoldurma məntəqəsi tikilir - Rövnəq Abdullayev

Şuşada böyük bir yanacaqdoldurma məntəqəsi tikilir - Rövnəq Abdullayev

Şuşada böyük bir yanacaqdoldurma məntəqəsi tikilir, Ağdamda, Füzulidə, əsasən işlər gedən rayonlarda yanacaqla təmin olunma üçün stansiyalar artıq tikilib başa çatdırılır.

TurkicWorld-un məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, bu gün Azərbaycanın Şərqi Zəngəzurda ilk yanacaqdoldurma stansiyası tikilib:

"Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu və möhtərəm Prezidentimiz, Ali Baş Komandanın rəhbərliyi altında bu torpaqlar geri qaytarıldı və artıq Azərbaycan cənab Prezidentin başçılığı altında quruculuq işlərinə başlayıb. Prezident İlham Əliyev Şərqi Zəngəzurun yenidən qurulması işlərinə başlayıb. Yeni yolların çəkilməsi, elektrik dirəklərinin tikilməsi və bütün bu zonada yaradıcılıq-quruculuq işləri gedir. Cənab Prezidentin göstərişi ilə bu yolda ilk yanacaqdolduma məntəqəsi tikildi. Bu həm Azərbaycan üçün nəzərdə tutulub, həm də beynəlxalq daşımalarda iştirak edən avtomobillər burada yanacaq götürə bilərlər. Bu beynəlxalq yanacaqdoldurma məntəqəsidir. Burada xarici tranzit avtomobilləri də yanacaqla təmin olunacaqlar. Bu gün burada gözəl bir infrastruktur yaradılıb. Düşünürəm ki, Şərqi Zəngəzurda bu işlərimiz davam edəcək. Bilirsiniz ki, möhtərəm cənab Prezidentin göstərişi ilə artıq azad olunmuş torpaqların qazla təmin olunması proqramına baxılır, layihələndirilir və tez bir zamanda bu işlərə də başlanılacaq. Düşünürəm ki, cənab Prezidentin istədiyi kimi azad olunmuş torpaqlar çiçəkli bir yaşayış məntəqələrinə çevriləcəklər. Şuşada böyük bir yanacaqdoldurma məntəqəsi tikilir, Ağdamda, Füzulidə, əsasən işlər gedən rayonlarda yanacaqla təmin olunma üçün stansiyalar artıq tikilib başa çatdırılır. Kapital Bankın burada filialı açılıb. İstənilən valyuta ilə buradan yanacaq almaq mümkün olacaq".