Azərbaycandan əlavə qaz həcmləri Avropada qaz böhranının nəticələrini yüngülləşdirməyə kömək edə bilər - IGU

Azərbaycandan əlavə qaz həcmləri Avropada qaz böhranının nəticələrini yüngülləşdirməyə kömək edə bilər - IGU

Baku, TurkicWorld:

Azərbaycandan əlavə həcmdə təbii qaz idxalı Avropada qaz böhranının nəticələrini yüngülləşdirməyə kömək edə bilər.

Bu barədə TurkicWorld-a Beynəlxalq Qaz İttifaqının (IGU) Strateji Kommunikasiyalar və Üzvlük üzrə Direktoru Tatyana Hanberq deyib.

"Avropa hələ enerji böhranından çıxmayıb. Hələ ki xoşbəxtlikdən, hava onun lehinədir. Mülayim qış havası və qaz ehtiyatlarının yüksək səviyyədə saxlanılması qiymətlərin son iki il ərzindəki pikdən sonra azalmasına səbəb olub. Lakin bazarın fundamental göstəriciləri çox sərt olaraq qalır və hazırki balans çox həssasdır. Cənub Qaz Dəhlizi vasitəsilə əlavə qaz həcmləri böyük enerji təhlükəsizliyini təmin edir, eyni zamanda əlçatanlıq və çevikliyi yaxşılaşdırır ki, bu da bazar üçün həmişə müsbət haldır. Bu, böhranın nəticələrini yüngülləşdirməyə və əvvəlki qiymət böhranı səbəbindən bağlanmaq məcburiyyətində qalan sahələrin fəaliyyətinin bərpasını dəstəkləməyə kömək edə bilər", - deyə T.Hanberq bildirib.

Onun sözlərinə görə, boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması həmçinin Rusiya qazından imtina etdikdən sonra Avropada yaşanan problemləri aradan qaldırmağa kömək edəcək.

"Avropanın enerji bazarı iddialı iqlim hədəflərinə nail olmaq üçün lazım olan dekarbonizasiya siyasəti sayəsində inkişaf etməyə davam edəcək. Təbii qaz infrastrukturu "təmiz" enerjiyə əlçatan, təhlükəsiz və sözün bütün mənalarında dayanıqlı keçidi təmin etməyin ayrılmaz tərkib hissəsidir. Təbii qaz enerji sisteminin sabitliyini dəstəkləmək üçün həlledici əhəmiyyət kəsb edir və bərpa olunan enerji mənbələrinin planlaşdırıldığı kimi, üçqat artırılmasına nail olmaq üçün çevikliyə artan ehtiyacın qarşılanması üçün bu ən yaxşı variantdır. Qaz sənayesində dekarbonizasiya üzərində iş görüldüyü üçün qaz infrastrukturu da tullantıların aşağı və sıfır səviyyəsinin təmin edilməsinin əsas vasitəsidir.

"Təmiz" enerjiyə təhlükəsiz keçid üçün əlavə qaz infrastrukturu lazımdır və son iki il ərzindəki dərslərin öz bəhrəsini verdiyini görmək xoşdur", - deyə T.Hanberq əlavə edib.

Qeyd edək ki, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanda gələcəkdə yeni qaz infrastrukturunun yaradılmasının nəzərdən keçirilə biləcəyini bildirib.

"Bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan artıq bizim qaz sistemimizə qoşuldu, müxtəlif interkonnektorlar da yaradıldı və bütün bu interkonnektorların təkanverici qüvvəsi Cənub Qaz Dəhlizi olmuşdur. Çünki əgər biz vaxtilə bu təşəbbüslə çıxış etməsəydik və nəinki təşəbbüslə, əgər bunu həyata keçirməsəydik, təbii ki, bu gün hər hansı bir interkonnektordan söhbət gedə bilməzdi. Bütün bu interkonnektorlar, o cümlədən Yunanıstan-Bolqarıstan və Bolqarıstan-Serbiya, Rumıniya və Macarıstan Cənub Qaz Dəhlizinin bir budağıdır. Yəni, bu gün səkkiz ölkə Azərbaycan qazını alır, onlardan altısı Avropa ölkəsidir. Gələcəkdə bu ölkələrin sayı artacaq. Çünki biz bir neçə Avropa ölkəsi ilə indi danışıqlar aparırıq və deyə bilərəm ki, danışıqlar önəmli mərhələdədir.

Tələbat var və artacaq, resurslarımız var, "Şahdəniz" qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Keçən il başlamışdır, amma bu il artıq 1,5 milyard kubmetr qaz "Abşeron" qaz yatağından çıxarılacaq. Bu, əlavə resursumuzdur. Ondan sonra, ümid edirəm ki, hər halda qarşıya belə vəzifə qoyulub, bu ilin sonuna - dekabr ayına qədər "Azəri-Çıraq-Günəşli" yatağında "Dərin qaz" adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Orada da potensial çox böyükdür.

Bizim digər layihələrimiz və "Abşeron" qaz yatağının ikinci fazası - bu barədə də qərar qəbul edilməlidir, yəni, investisiya qərarı. Bu qərar qəbul olunarsa, əminəm ki, olunacaq, "Abşeron"da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək. Yəni, bu, çox əhəmiyyətli rəqəmdir. Ondan başqa, "Şəfəq", "Asiman", "Ümid", "Babək", "Naxçıvan", "Qarabağ" - bütün bu yataqlarda bu gün hazırlığa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür. Yəni, mən vaxtilə deyəndə ki, 100 il bundan sonra da Azərbaycan tərəfdaşlar üçün önəmli tərəfdaş olacaq, bunu nəzərdə tuturdum və bu gün bu reallaşır. Onu da bildirməliyəm ki, Cənub Qaz Dəhlizi indi tam gücü ilə işləyir və əgər bu dəhlizlə biz əlavə qaz həcmini göndərmək istəsək, onda o, gərək genişləndirilsin. Oraya, əlbəttə, əlavə vəsait qoyulmalıdır. Amma bu nasos stansiyaları vasitəsilə genişləndirilə bilər və tələbat da var. Prinsip etibarilə Azərbaycanda gələcəkdə yeni qaz infrastrukturunun yaradılması məsələsinə də baxıla bilər, bunu da biz nəzərdən keçiririk", - dövlət başçısı deyib.