SOCAR neft emalı və neft-kimya məhsullarının ixracını kəskin artırıb

SOCAR neft emalı və neft-kimya məhsullarının ixracını kəskin artırıb

Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton neft emal olunub ki, bu da ötən ilin müvafiq aylarında olduğundan 46.5% çoxdur.

TurkicWorld SOCAR-a istinadən xəbər verir ki, bu kəskin artım ötən il Heydər Əliyev adına NEZ-də aparılmış dövri təmir işlərinin məhz ilin üçüncü rübünə təsadüf etməsi ilə izah olunur. Bu ilin üçüncü rübündə isə zavod dövri təmirə dayanmayıb. Rüb ərzində SOCAR-ın Qaz Emalı Zavodunda 812 milyon kubmetr qaz emal edilib.

Üçüncü rübdə şirkətin ixrac etdiyi neft-qaz emalı və neft-kimya məhsullarının da həcmi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. SOCAR Azərbaycandan təqribən 1.1 milyon ton həcmində, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 88% çox neft emalı və neft-kimya məhsulları ixrac etmişdir. Bu artımda, əlbəttə, yuxarıda göstərilən səbəbdən NEZ-də istehsalın yüksəlməsi mühüm rol oynayıb. Bununla yanaşı, yüksək təzyiqli polietilen, mütləqləşdirilmiş izopropil spirti və karbamid kimi kimya məhsullarının ixracında da əhəmiyyətli artım qeydə alınmışdır.