"STAR" NEZ-in gücü 2024-cü ildə artacaq

"STAR" NEZ-in gücü 2024-cü ildə artacaq

Bakı. TurkicWorld:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki "STAR" neft emalı zavodunun (NEZ) gücü 2024-cü ildə 13 milyon tonadək artacaq.

TurkicWorld xəbər verir ki, bunu "SOCAR Türkiye"nin Neft Emalı və Neft-Kimya Müəssisələri Departamentinin rəhbəri vəzifəsini və "Petkim"in şirkətinin baş direktoru vəzifəsini icra edən Kənan Mirzəyev deyib.

"İşə salındığı vaxtdan "STAR" NEZ-in gücünü optimallaşdırma imkanlarından istifadə hesabına cüzi investisiyalarla artırmaq mümkün olub. Neft emalı zavodunun gücü 10 milyon tondan 12 milyon tonadək artıb. 2024-cü ildə NEZ-in gücünün 13 milyon tonadək artırılması planlaşdırılır", - o deyib.

K.Mirzəyev, həmçinin, hazırkı bazar şəraiti və gözlənilən qlobal tendensiyalar fonunda həm "Petkim" neft-kimya kompleksi, həm də "STAR" neft emalı zavodu üçün müsbət perspektivlərin mövcud olduğunu əlavə edib.

"Əlbəttə, bu qiymətləndirmələr qlobal iqtisadi və siyasi dinamikadan asılı olaraq dəyişə bilər. Lakin cari məlumatlardan çıxış edərək deyə bilərik ki, şirkətlərimiz öz göstəricilərini qoruyur və böyüməyə davam edir", - deyə o əlavə edib.

Qeyd edək ki, "SOCAR Türkiye" Türkiyədə kommersiya fəaliyyətinə 2008-ci ildə "Petkim"in səhmlərinin 51 faizini satın aldıqdan sonra başlayıb.

Şirkət neft kimya məhsullarının istehsalı, təbii qazın emalı, ticarəti və paylanması ilə məşğuldur.

İnvestisiya dəyəri 6,3 milyard olan STAR neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. İllik emal gücü təqaribən 10 milyon tondur. Zavodu gündəlik 214 min barel xam neft emal edə bilir.