İstanbul Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 10 milyonu ötüb (ÖZƏL)

İstanbul Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 10 milyonu ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin fevral ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 53 faiz artaraq, 10 milyon 768 min 64 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 29 faiz artaraq 2 milyon 396 min 623 nəfər, beynəlxalq reyslər üzrə isə 61 faiz artaraq 8 milyon 371 min 441 nəfər təşkil edib.

Bu ilin fevral ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 39 faiz artaraq 391 min 901 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43 faiz artaraq, 34 min 891 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 39 faiz artaraq, 357 min 10 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41 faiz artaraq, 74 min 449 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 36 faiz artaraq 18 min 602, beynəlxalq reyslər üzrə isə 43 faiz artaraq 55 min 847 olub.

2023-cü ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 25 milyon 370 min 192 nəfər, yük dövriyyəsi isə 430 min 212 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.