Son dəqiqə

Asiya İnkişaf Bankı

Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib

Bakı,TurkicWorld

Bank Respublika və Asiya İnkişaf Bankı sahibkarlığın dəstəklənməsinə yönəlmiş növbəti kredit müqaviləsini bağlayıb

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar.

Vəsait kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ticarəti sahəsində fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsinə, eləcə də qadın sahibkarlığının dəstəklənməsinə yönəldiləcək. Maliyyələşmə həmçinin müasir damcı suvarma sistemlərinin tətbiqinə və müxtəlif hava şəraitinə uyğunlaşan bitki və meyvələrin yetişdirilməsini də dəstəkləyəcək.

Ölkə üzrə geniş filial şəbəkəsi sayəsində Bank Respublika Azərbaycanın bütün regionlarında sahibkarlar üçün maliyyələşmənin əlçatanlığını təmin edəcək.

"Bu maliyyələşdirmə özəl sektorun aparıcı rol oynadığı iqtisadi artımı təşviq etdiyinə, ərzaq təhlükəsizliyini gücləndirdiyinə, dayanıqlığı artırdığına və paytaxtdan kənar regionlarda qadınların rəhbərlik etdiyi bizneslərin maliyyəyə çıxış imkanlarını genişləndirdiyinə görə AİB-in 2025–2029-cu illər üzrə Azərbaycana dair Ölkə Tərəfdaşlıq Strategiyasına tam uyğundur. Bu layihə AİB-in "Bank Respublika" ilə mövcud əməkdaşlığına təkan verir və biz qeyd olunan məqsədlərə nail olmaq üçün tərəfdaşlığımızı daha da dərinləşdirməkdən məmnunuq", – ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Jamal bildirib.

"Azərbaycanın regionlarında sahibkarlığın dəstəklənməsi Bank Respublikanın strateji prioritetlərindən biridir. Asiya İnkişaf Bankı ilə yeni saziş kiçik və orta biznesin, xüsusilə kənd təsərrüfatı, müasir aqrotexnologiyalar və qadın sahibkarlığı sahələrində maliyyələşdirilməsini genişləndirməyə imkan verəcək. Biz ADB ilə uzunmüddətli əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bizim üçün bu saziş yalnız uzunmüddətli maliyyələşmə mənbəyi deyil, həm də beynəlxalq maliyyə institutlarının bankımızın dayanıqlılığına, strategiyasına və fəaliyyətinin nəticələrinə etimadının növbəti təsdiqidir" deyə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib

ADB. Asiya və Sakit okean regionunda davamlı, inklüziv və dayanıqlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. 1966-cı ildə yaradılan ADB-nin 69 üzvü var və onlardan 50-si region ölkələridir.

Bank Respublika. 1992-ci ildə yaradılmış Bank Respublika fiziki şəxslərə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, eləcə də korporativ müştərilərə geniş çeşiddə maliyyə xidmətləri təqdim edən Azərbaycanın aparıcı banklarından biridir. Sahibkarlığın maliyyələşdirilməsini strateji prioritetlərindən biri kimi müəyyənləşdirən Bank 2026-cı ildə nüfuzlu beynəlxalq "Euromoney" nəşri tərəfindən "Azərbaycanda kiçik və orta biznes üçün ən yaxşı bank" mükafatına layiq görülüb.

Mövzuya görə xəbərlər