Son dəqiqə

manat

Azərbaycanın dövriyyədə olan borc qiymətli kağızlarının həcmi 10 milyard manatı ötüb

Bakı. TurkicWorld:

2026-cı ilin I yarısında Azərbaycanın dövriyyədə olan borc qiymətli kağızlarının ümumi həcmi 10,06 milyard manat təşkil edib.

TurkicWorld-un tədbirdəki müxbirinin məlumatına görə, bu barədə Bakı Fond Birjası tərəfindən 2026-cı ilin II rübü üzrə hazırlanan "Q2 2026: Azərbaycan və Qlobal İqtisadiyyata və Kapital Bazarlarına Baxış" bülleteninin təqdimatında bildirilib.

Bülletenə əsasən, hesabat dövrünün sonunda dövlət qiymətli kağızlarının dövriyyədə olan həcmi 4,97 milyard manat olub. İlin əvvəlində bu göstərici 5,32 milyard manat təşkil edib. Bununla belə, dövlət qiymətli kağızları dövriyyədə olan borc alətləri arasında ən böyük paya malik seqment olaraq qalıb.

İpoteka istiqrazlarının dövriyyədə olan həcmi 3,44 milyard manata, DMM (dövlətə məxsus müəssisə) istiqrazlarının həcmi 0,98 milyard manata yüksəlib. Korporativ istiqrazların dövriyyədə olan həcmi isə 0,67 milyard manat səviyyəsində əsasən sabit qalıb.

Məlumata görə, istiqraz bazarında uzunmüddətli alətlər üstünlük təşkil edib. Dövriyyədə olan borc alətlərinin təxminən yarısının ödəmə müddəti beş ildən sonrakı dövrə düşüb. Bu vəziyyət əsasən ipoteka istiqrazlarının uzunmüddətli xarakteri ilə əlaqələndirilir. Bir ildən az müddətli alətlər isə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının notlarından ibarət olub.

2026-cı ilin I yarısında kütləvi istiqraz yerləşdirmələrinin sayı 28 təşkil edib. 2025-ci ilin eyni dövründə isə 27 yerləşdirmə həyata keçirilib. Bununla yanaşı, DMM və korporativ emitentlər üzrə emissiya aktivliyində də məhdud artım qeydə alınıb.

Bülletendə qeyd olunub ki, 2026-cı ilin II rübündə istiqraz bazarında yerləşdirmə aktivliyi artıb. Korporativ və DMM istiqrazları üzrə yerləşdirmələrin ümumi həcmi ilin ilk yarısında 85,8 milyon manat təşkil edib. Bunun 55,8 milyon manatı və ya təxminən 65 faizi korporativ emitentlərin, 30 milyon manatı isə DMM-lərin payına düşüb.

Yerləşdirmələrin 90 faizi maliyyə sektorunun payına düşüb. Bu sektor daxilində bank olmayan maliyyə təşkilatları daha böyük paya malik olub.

2026-cı ilin II rübündə yerləşdirmələrin həcmi I rübdəki 35 milyon manatdan 41 milyon manata yüksəlib. Artım əsasən kupon dərəcəsi 11 faizdən aşağı olan istiqrazlar üzrə qeydə alınıb. Bu kateqoriyada emissiyanın həcmi 8 milyon manatdan 29 mln manata yüksələrək II rüb üzrə ümumi yerləşdirmələrin təxminən 71 faizini təşkil edib.

Eyni zamanda, 11–14 faiz aralığında kupon dərəcəsinə malik istiqrazların yerləşdirilməsi kəskin azalıb, 14 faizdən yuxarı kuponlu emissiyalarda da azalma müşahidə olunub.

Beləliklə, 2026-cı ilin I yarısında istiqraz bazarında həm dövriyyədə olan borc alətlərinin həcmi, həm də yerləşdirmələrin strukturunda daha uzunmüddətli alətlərin və aşağı kupon dərəcəli emissiyaların çəkisi diqqət çəkib.

Mövzuya görə xəbərlər