İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Sosial media rəqəmsal iqtisadiyyat blogerlar influenserlər

“Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıb

BAKI,TurkicWorld

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafı və sosial media platformaları üzərindən gəlir əldə edən şəxslərin (blogerlərin və infulenserlərin) fəaliyyətinin hüquqi çərçivədə tanınması, eləcə də uçotun şəffaflaşdırılması istiqamətində rəqəmsal vergi inzibatçılığının təkmilləşdirilməsi davam etdirilir.

Son illərdə sosial şəbəkələr və digər rəqəmsal platformalar üzərindən reklam, marketinq, məhsul və xidmətlərin təşviqi, məzmun istehsalı, canlı yayımlar, eləcə də müxtəlif əməkdaşlıq layihələri vasitəsilə gəlir əldə edən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, iqtisadi fəaliyyət növlərinin mövcud təsnifatında bu sahənin ayrıca əks olunmaması həmin şəxslərin fəaliyyətinin uçota alınmasını və statistik qiymətləndirilməsini çətinləşdirirdi.

Bu ehtiyacı nəzərə alaraq, uçot məlumat bazasında fəaliyyət növləri üzrə təsnifata “Rəqəmsal platforma təsirçisi” (kod 6312003) adlı yeni fəaliyyət növü əlavə edilib. Dəyişiklik sosial media və digər rəqəmsal platformalar vasitəsilə gəlir əldə edən şəxslərin (blogerlərin və infulenserlərin) fəaliyyətinin daha dəqiq və şəffaf rəsmiləşdirilməsinə, onların iqtisadi fəaliyyətinin ayrıca uçota alınmasına və statistik məlumatların daha dolğun formalaşdırılmasına imkan yaradır.

Dövlət Vergi Xidməti bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirməyi və qeydiyyat zamanı yeni fəaliyyət kodunu seçməyi tövsiyə edir.

Mövzuya görə xəbərlər