BAKI,TurkicWorld
Azərbaycan İslam İnkişaf Bankı (İİB) Qrupu ilə uzunmüddətli və səmərəli əməkdaşlığa böyük önəm verir.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısının ikinci günü çərçivəsində keçirilən "Özəl Sektor Forumu 2026: Açılış Mərasimi"ndə deyib.
Nazir bildirib ki, Azərbaycan 1992-ci ildə İİB-yə üzv olduqdan sonra tərəflər arasında əməkdaşlıq qarşılıqlı etimada, ortaq prioritetlərə və praktiki nəticələrə əsaslanıb.
"İslam İnkişaf Bankı Qrupu ilə münasibətlərimiz özəl sektorun inkişafı, ticarətin maliyyələşdirilməsi, infrastruktur layihələri, kiçik və orta sahibkarlığın dəstəklənməsi, yaşıl keçid və rəqəmsal transformasiya kimi istiqamətləri əhatə edir. Bu sahələr Azərbaycanın milli iqtisadi strategiyasının da əsas prioritetləridir", – deyə M.Cabbarov vurğulayıb.
Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi ölkənin əsas strateji hədəflərindən biri olaraq qalır.
"Biz istehsalat, kənd təsərrüfatı və qida emalı, logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar və ixracyönümlü digər qeyri-neft sektorlarında böyük potensial görürük. Azərbaycanın imkanlarını İİB Qrupunun maliyyə alətləri və geniş tərəfdaşlıq şəbəkəsi ilə birləşdirməklə həm iqtisadi cəhətdən səmərəli, həm də inkişafyönümlü layihələrin həyata keçirilməsini sürətləndirə bilərik", – nazir qeyd edib.
M.Cabbarov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan İİB ailəsində öz layiqli yerini tutub və ölkənin inkişafı yeni iqtisadi imkanların yaranması ilə müşayiət olunur.
"Bu imkanları konkret investisiya layihələrinə çevirmək üçün Azərbaycan geniş dəstək mexanizmləri təqdim edir. Bunlara vergi və gömrük güzəştləri, investisiyaların qorunması, güzəştli maliyyələşdirmə alətləri, sənaye parkları və Ələt Azad İqtisadi Zonası kimi investisiyaya hazır platformalar daxildir", – deyə o bildirib.
Nazir azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da mühüm investisiya imkanlarının mövcud olduğunu vurğulayıb.
"Hazırda həmin ərazilərdə Azərbaycanın ən böyük yenidənqurma proqramı həyata keçirilir. Orta Dəhliz üzərində yerləşən bu bölgələr ölkəmizin Avropa, Mərkəzi Asiya və Asiyanı birləşdirən mühüm logistika və tranzit qovşağı rolunu daha da gücləndirir", – deyə M.Cabbarov qeyd edib.
O əlavə edib ki, həyata keçirilən siyasətin nəticələri artıq iqtisadi göstəricilərdə öz əksini tapır.
"2021-2025-ci illərdə qeyri-neft-qaz iqtisadiyyatının orta illik artım tempi 6 faiz təşkil edib. Bu dövrdə qeyri-neft-qaz sektorunun ÜDM-də payı 58 faizdən 71 faizə yüksəlib. Eyni zamanda, qeyri-neft-qaz ixracı 2018-ci illə müqayisədə iki dəfədən çox artıb", – nazir bildirib.
M.Cabbarov vurğulayıb ki, Azərbaycanla İİB Qrupu arasında əməkdaşlığın praktiki nəticələri forum çərçivəsində imzalanacaq sənədlərdə də öz əksini tapacaq.
"Bu gün Azərbaycan Sahibkarlığın İnkişafı Fondu ilə İslami Özəl Sektorun İnkişafı Korporasiyası (ICD) arasında biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinə xidmət edəcək Çərçivə Agentlik Sazişi də daxil olmaqla bir sıra mühüm sənədlər imzalanacaq", – deyə o qeyd edib.
Nazir investorları, maliyyə institutlarını və biznes nümayəndələrini Azərbaycandakı imkanları daha yaxından araşdırmağa çağırıb.
"Biz inanırıq ki, Azərbaycan biznes qurmaq, tərəfdaşlıq yaratmaq və investisiya yatırmaq üçün cəlbedici, etibarlı və tam hazır bir məkandır. Bu imkanları uzunmüddətli və davamlı tərəfdaşlıqlara çevirmək üçün İİB Qrupu, üzv ölkələr və özəl sektor nümayəndələri ilə birgə işləməyə hazırıq", – deyə M.Cabbarov əlavə edib.







