BAKI,TurkicWorld
İqtisadiyyat Nazirliyində Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşdə investisiya, ticarət, enerji, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı müzakirə edilib.
TurkicWorld xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Pakistan İslam Respublikasının Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud strateji tərəfdaşlıq münasibətləri məmnunluqla vurğulanıb, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyi qeyd olunub.
Tərəflər Azərbaycan-Pakistan münasibətlərinin iqtisadi sahədə də geniş potensiala malik olduğunu bildiriblər.
Müzakirələr zamanı iqtisadi əməkdaşlıq imkanlarının tam reallaşdırılması, qarşılıqlı investisiyaların təşviqi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Tərəflər ticarət, enerji, sənaye, nəqliyyat və digər istiqamətlərdə birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tərəflər Preferensial Ticarət Sazişinin iki ölkə arasında iqtisadi əlaqələrin və işgüzar əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını qeyd ediblər.
Sazişin biznes subyektləri arasında əlaqələrin möhkəmlənməsinə, ticarət dövriyyəsinin artmasına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verdiyi vurğulanıb.







