Bakı. TurkicWorld:
2026-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika davam edib. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 147 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
TurkicWorld Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinin gəlirləri 6 311,5 milyon manat təşkil edib ki, bu da proqnozu 58,3 milyon manat və ya 0.9 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 3 002,0 milyon manat təşkil edərək proqnozdan 79,5 milyon manat və ya 2.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983,1 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 0.3 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9,8 milyon manat təşkil edərək proqnozdan 0,9 milyon manat və ya 10.2 faiz, sair daxilolmalar 63,4 milyon manat təşkil edərək proqnozdan 15,7 milyon manat və ya 32.9 faiz çox, Dövlət Neft Fondundan transfert isə 2 140,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 113,2 milyon manat təşkil edərək proqnoza qarşı 73.5 faiz icra olunub.
Yanvar-fevral ayları ərzində dövlət büdcəsinin xərcləri 4 803,4 milyon manat proqnoza qarşı 4 643,1 milyon manat məbləğində icra edilib ki, bu da 96.7 faiz təşkil edir.
2026-cı ilin yanvar-fevral ayları ərzində icmal büdcənin gəlirləri 7 558,3 milyon manat, xərcləri isə 5 338,4 milyon manat məbləğində icra edilib.







