BAKI, TurkicWorld
Azərbaycanda pul-kredit siyasəti çərçivələrinin təkmilləşdirilməsi ölkənin xarici mövqelərinin dayanıqlığının möhkəmlənməsinə töhfə verir.
TurkicWorld xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi “Moody’s”in hesabatında qeyd olunur.
Agentliyin bildirdiyinə görə, Azərbaycanın suveren reytinqləri, o cümlədən uzunmüddətli emitent reytinqi “Baa3” səviyyəsində, dövlətin xalis kreditor mövqeyi ilə dəstəklənir. Bu, Azərbaycanın Dövlət Neft Fondunda (SOFAZ) toplanmış böyük maliyyə aktivləri hesabına formalaşıb. SOFAZ suveren rifah fondu funksiyasını yerinə yetirərək mühüm maliyyə buferi rolunu oynayır, dövlət sektorunun likvidlik və xarici həssaslıq risklərini azaldır.
“Moody’s” həmçinin iqtisadi siyasətin effektivliyinin tədricən artdığını qeyd edir. Xüsusilə pul-kredit və makroiqtisadi siyasət sahəsində aparılan təkmilləşdirmələr xarici mövqelərin dayanıqlığının və maliyyə sisteminin xarici şoklar şəraitində sabitliyinin güclənməsinə xidmət edir. Eyni zamanda fiskal ehtiyatlardan səmərəli istifadə əks-tsiklik büdcə siyasətinin aparılmasına və dövlətin fiskal və borc göstəricilərinin potensial pisləşməsinin qarşısının alınmasına imkan verir.
Reytinq agentliyi vurğulayır ki, 2025-ci ildə dünya neft qiymətlərinin azalmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı müsbət artım tempini qoruyub saxlayıb, lakin artım dinamikası 2024-cü illə müqayisədə daha mülayim olub.
“Hesabat dövrünün ilk on bir ayında real ÜDM illik ifadədə 1,6% artıb və 2025-ci ilin yekununda artımın təxminən 1,5% təşkil edəcəyini gözləyirik. Bu nəticə neft və qaz hasilatının azalmasının davam etməsinə baxmayaraq, onu qismən kompensasiya edən qeyri-neft sektorunun dayanıqlığını əks etdirir”, – hesabatda qeyd olunur.
“Moody’s”in qiymətləndirməsinə görə, neftin daha aşağı qiymətləri və dövlət xərclərinin artması Naxçıvanın, müxtəlif sosial fondların və SOFAZ-ın gəlir və xərclərini əhatə edən konsolidə olunmuş fiskal profisitinin 2025-ci ildə ÜDM-in təxminən 2,4%-nə qədər azalmasına gətirib çıxaracaq. Bu göstərici 2024-cü ildə ÜDM-in 4%-i səviyyəsində olub. Bununla yanaşı, infrastruktur layihələrinin, bərpa proqramlarının və sosial təşəbbüslərin sürətləndirilmiş maliyyələşdirilməsi fonunda dövlət büdcəsinin cüzi kəsirlə icra olunacağı ehtimal edilir.
Agentlik bildirir ki, büdcə kəsirinin nisbətən məhdud miqyası dövlət borcunun ÜDM-in 30%-indən aşağı səviyyədə saxlanmasına imkan verəcək. Bu göstərici son orta müddətli fiskal strategiyanın hədəf istiqamətlərinə uyğundur və oxşar kredit reytinqinə malik ölkələrin orta göstəricilərindən xeyli aşağı olaraq qalır.







