Bakı, TurkicWorld
Aerokosmik müdafiə və təhlükəsizlik sferasında dünya lideri hesab olunan "Leonardo" Orta Dəhliz layihəsində iştirak üçün əhəmiyyətli potensial görür.
TurkicWorld xəbər verir ki, bunu Trend-ə müsahibəsində "Leonardo"nun Şimal-Şərqi Asiya, Okeaniya, Mərkəzi Asiya və Hindistanda beynəlxalq biznesin inkişafı üzrə vitse-prezidenti Ancelo Çekkini bildirib.
Çekkini Orta Dəhliz layihəsinin Avropa ilə Asiya arasında təhlükəsiz, effektiv və dayanıqlı infrastrukturun yaradılması istiqamətində qoyulmuş məqsədlərini dəstəkləməyə hazırlığını ifadə edib.
"Regionun Avropa ilə Asiyanı birləşdirmək baxımından həlledici rolu məhz Orta Dəhliz sayəsində təsdiqlənir və möhkəmlənir. Bu təşəbbüs "Leonardo"ya təhlükəsiz və effektiv infrastrukturun yaradılmasına töhfələrin verilməsi baxımından geniş imkanlar yaradır, bu isə öz növbəsində regional inkişafda zəruri tərəfdaş kimi bizim mövqeləri möhkəmləndirmiş olur", - deyə vitse-prezident qeyd edib.
Şirkət Orta Dəhliz üzrə fasiləsiz və təhlükəsiz ticarətin təmin olunması məqsədilə sərhəd nəzarəti və infrastrukturun mühafizəsi sahəsində öz qabaqcıl texnologiyalarını tətbiq etməyə can atır.
Çekkini müdafiə olunan kommunikasiyaların, o cümlədən, peyk çözümləri, yerüstü rabitə sistemləri və etibarlı kibertəhlükəsizlik tədbirlərinin həlledici rolunu vurğulayıb.
"Bizim təklif etdiyimiz çözümlər məlumatların ötürülməsinin etibarlılığını və təhlükəsizliyini təmin edir, həmçinin, logistika və ticarət üçün vacib sayılan nəqliyyat axınlarının, o cümlədən, dəmiryolu xətlərinin, avtomagistralların və limanların effektiv izlənilməsinə və idarə olunmasına imkan yaradır.
Vitse-prezidentin sözlərinə görə "Leonardo" Yer üzərində müşahidə xidmətləri və qabaqcıl rəqəmsal alətlərin köməyilə logistik əməliyyatları təkmilləşdirməyə hazırdır.
Çekkini qeyd edib ki, bu cür müşahidə texnologiyaları yüklərin real vaxt rejimində izlənilməsinə şərait yaradır və logistikanın optimizasiyasına yardımçı olan proqnoz tipli təhlil aparmağa imkan verir.
"Süni intellekt və bizim "Da Vinci" super-kompüterimizdən istifadə etməklə "Leonardo"nun təklif etdiyi rəqəmsal çözümlər regional logistik şəbəkələrin effektivliyini yüksəldə bilər", - deyə Çekkini əlavə edib.