Gürcüstan Türkmənistan Orta Dəhliz İrakli Kobaxidze Aşqabad Orta Dəhlizin – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu

Orta Dəhliz Qafqaz üçün etibarlılıq marşrutuna çevrilir - Gürcüstan

BAKI, TurkicWorld, Nailə Babazadə

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqqında danışaraq onun bir güvən dəhlizi rolunu oynadığını bildirib.

TurkicWorld xəbər verir ki, Kobaxidze bu fikirləri Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli Forumu”nun açılışında səsləndirib.

Baş nazir çıxışında Tbilisi rəhbərliyinin barış siyasətinə sadiq qaldığını, regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməyə davam etdiklərini vurğulayıb.

Gürcüstanın regional sülh və sabitlik üçün dialoqların aparılmasına dəstək göstərdiyini bildirən Kobaxidze “Birlikdə gələcək nəsillər üçün daha təhlükəsiz, sabit və davamlı bir gələcək qura bilərik.” - deyə qeyd edib.

Ölkəsinin ərazi bütövlüyü ilə bağlı problemlər yaşadığını xatırladan Baş nazir, sülhün Gürcüstan üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.

“Tarixi iki bölgəmizin davam edən işğalı səbəbilə Gürcüstan üçün sülh təkcə siyasi seçim deyil, həm də varoluşsal prioritetdir.” - deyə qeyd edib.

Kobaxidze Gürcüstan iqtisadiyyatının 2021–2024-cü illərdə illik orta hesabla 9,8 faiz böyüdüyünü diqqətə çatdıraraq bunun hökumətin düzgün strategiyasının nəticəsi olduğunu vurğulayıb.

Regional ticarət və iqtisadi əlaqələrin genişlənməsində Orta Dəhlizin əhəmiyyətinə toxunub.

“Asiya və Avropanı birləşdirən Orta Dəhliz bu vizyonun mərkəzində dayanır.” - deyə Kobaxidze qeyd edib.

Mövzuya görə xəbərlər