BAKI,TurkicWorld
Tacikistan və Avropa İttifaqı regional nəqliyyat və rəqəmsal infrastrukturun gücləndirilməsi üzrə əməkdaşlığı aktivləşdirir və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) xüsusi diqqət yetirir
TurkicWorld xəbər verir ki, bunu Trend-ə verdiyi özəl müsahibədə Avropa Komissiyasının nümayəndəsi bildirib.
Komissiya nümayəndəsi bildirib ki, nəqliyyat bağlantısı Aİ ilə Mərkəzi Asiya arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir və TBNM-in inkişafı birgə səylərin mərkəzində dayanır.
"Aİ Tacikistanı Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirən inteqrasiya olunmuş şəbəkənin mühüm həlqəsi kimi görür. Hazırda Aİ Tacikistanın Nəqliyyat Nazirliyi ilə ölkədə prioritet infrastruktur layihələri üzrə müzakirələr aparır",- deyə Avropa Komissiyasının nümayəndəsi vurğulayıb.
Layihələrdə əldə olunan irəliləyişi qeyd edən nümayəndə, yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "Connectivity Forum" (Əlaqəlilik Forumu) çərçivəsində aparılan müzakirələrin nəticələrinə toxunub.
"2025-ci il noyabrın 27-də Aİ Daşkənddə təşkil olunan TBNM və əlaqəlilik üzrə İnvestisiya Forumunun həmtəşkilatçısı qismində çıxış edib, burada TBNM üzrə əldə olunan irəliləyiş nəzərdən keçirilib və "Global Gateway" proqramı çərçivəsində yeni nəqliyyat layihələri və investisiyalar elan olunub. Bu təşəbbüslər regionda əlaqəliliyin daha da möhkəmləndirilməsinə xidmət edəcək", – deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.







