Son dəqiqə

BMT COP29

COP29da Azərbaycan sədrliyi yaxşı nəticələr əldə edə biləcək - Markos Neto

Bakı, TurkicWorld

COP29 maliyyə COP-u olacaq. COP29-da ilk olaraq yeni ölçülə bilən iqlim maliyyəsi məqsədi ilə razılaşdırılmalıdır.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin köməkçisi, təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto "X" sosial media hesabında paylaşım edib.

"Biz 100 milyard dollarlıq bir dünyada yaşayırıq. Təəssüf ki, bu 100 milyard dollar şimaldan cənuba kimi çatmır. İndi iqlim maliyyəsinin məqsədini ölçmək üçün başqa bir yol tapmalıyıq. Bu asan olmayacaq. Yaşıl keçid trilyonlarla dollara başa gələcək. Bu səbəbdən həqiqət budur ki, noyabrda Bakıda razılaşdırılmalı olan, maliyyə ambisiyalarını təyin edən sistemə ehtiyacımız var. Biz Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) olaraq Azərbaycan hökümətinə dəstək olmaq istərdik və bütün beynəlxalq ictimaiyyət bu nəticəyə nail olmaq üçün COP Sədrliyinə yardım etməlidir. Bu, çox mühüm məsələdir, əminəm ki, Azərbaycan sədrliyi yaxşı nəticələr əldə edə biləcək", - deyə o bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Mövzuya görə xəbərlər