Son dəqiqə

COP29

COP29-da İndoneziyanı ölkə prezidentinin xüsusi nümayəndəsi təmsil edəcək

Bakı, TurkicWorld

İndoneziya Prezidentinin energetika və ətraf mühit üzrə xüsusi nümayəndəsi Haşim Cocohadikusumo Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İndoneziya nümayəndə heyətinə rəhbərlik edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd edilib ki, COP29-a hazırlıq iclasından sonra Cocohadikusumo İndoneziya Prezidenti tərəfindən COP29 üzrə xüsusi nümayəndə təyin edildiyini bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Mövzuya görə xəbərlər