Son dəqiqə

Türkiyə qızıl inflyasiya

Türkiyənin yer altında 6 min 500 ton qızılı olduğu təxmin edilir

Bakı.TurkicWorld :

Türkiyə Mədənçilər Dərnəyinin (TMD) sədri Mehmet Yılmaz, Türkiyədə aparılan modelləşdirmə araşdırmasına əsasən ölkə üzrə qızıl mədəni potensialının 6 min 500 ton olduğunu ifadə edib.

TurkicWorld xəbər verir ki, Yılmaz bu barədə Türkiyənin paytaxtı Ankarada bir qrup jurnalistlə keçirdiyi görüş zamanı danışıb.

“Ölkə üzrə qızıl ehtiyatlarının 1500 tonunun harada olduğunu bilirik və hətta hasil etməyə başlamışıq. Yerin altında gözləyən 5 min ton var və bunun dəyəri təxminən 300 milyard dollardır” – deyə o bildirib.

Keçən il qızıl idxalına 31 milyard dollar ayrıldığını bildirən Yılmaz, ixracın 12 milyard dollar olduğunu, bu sahədə ticarət kəsirinin isə 19 milyard dollara bərabər olduğunu qeyd edib.

Yılmaz, Türkiyənin qızıl istehsalının iqtisadiyyatı inflyasiya təsirindən xilas etməyə dəstək göstərəcəyini ifadə edərək, “Qanuna görə, biz istehsal etdiyimiz qızılı əgər Mərkəzi Bank tələb edərsə ona satmaq məcburiyyətindəyik. Mərkəzi Bank onu bizdən aldıqda qarşılığında türk lirəsi ödəyir. Türkiyədə istehsalın inflyasiyaya təsir etdiyi nöqtə budur. Əks halda onu dollarla almalı məcburiyyətində qalmış olacaq”.

Mədən sektorunda yeni tənzimləyici qərarlar gözlədiyini ifadə edən Yılmaz, tələblərinin mədən icazələrinin sürətləndirilməsi və mədən istehsalını artırmaq üçün yeni qaydaların tətbiqi olduğunu ifadə edib.

O həmçinin, son 10 ildə mədən kəşfiyyatı lisenziyalarının sayının 40 mindən 5 minə düşdüyünü də əlavə edib.

Bundan başqa, Türkiyənin dünya bor ehtiyatlarının təxminən 70%-nə sahib olduğuna diqqət çəkən Yılmaz, “Əgər boru xammal və ya ara məhsul kimi satmaq əvəzinə son emal edib məhsul halında istehsal edə bilsək, çox böyük əlavə dəyər yarada bilərik. Bir ton xam bor 300-500 dollar dəyərindədir. Amma bunu aralıq məhsula çevirsəniz bir ton ara məhsula çevrilən borun qiyməti 4 min dollara çatır. Şüşə texnologiyası və zireh texnologiyasını bu ölkədə inkişaf etdirsəniz, bir tonun dəyəri 300-500 dollar olan xam bor 500 min dollara qədər yüksələr”- deyə fikirlərini ifadə edib.

Mövzuya görə xəbərlər