Son dəqiqə

Türkiyə Malayziya

Türkiyə şirkəti Malayziya donanması üçün üç korvet hazırlayacaq

Bakı, TurkicWorld:

Türk müdafiə sənayesinin qabaqcıl şirkətlərindən biri olan STM, “Littoral Mission Ship Batch-2 (LMSB2)” layihəsi çərçivəsində Malayziya Kral Donanması üçün üç korvet inşa edəcək.

TurkicWorld xəbər verir ki, Malayziya ilk dəfə olaraq müdafiə sənayesi məhsullarının tədarükü üçün bir ölkə ilə G2G (covernment-to-covernment) Anlaşma Memorandumu imzalayıb.

Bu üç gəminin istehsalı 30 ildən artıq Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını milli və innovativ sistemlərlə qarşılayan STM şirkəti tərəfindən Türkiyədə həyata keçiriləcəkdir. Gəmilərin hazırlanmasında başda ASELSAN, HAVELSAN və ROKETSAN olmaqla 50-yə yaxın yerli Türk şirkətin aparıcı sistemlərindən istifadə olunacaqdır.

Tədbirdə iştirak edən Türkiyənin Müdafiə Sənayesi Naziri Prof. Dr. Haluk Görgün öz çıxışında “Mən ürəkdən inanıram ki, bu, iki ölkə arasında dəniz platformalarında uzunmüddətli əməkdaşlığın başlanğıcıdır” – deyə əlavə edib.

Malayziyanın müdafiə naziri Mohamed Khaled Nordin isə “İnanıram ki, bu Anlaşma Memorandumunun imzalanması hər iki ölkəyə, xüsusilə Malayziyaya fayda verəcək, çünki Türkiyə Respublikası bu gün mükəmməl hərbi gücə, mükəmməl müdafiə texnologiyalarına sahibdir və Qərbi Asiyanın ən qabaqcıl hərbi məhsullar istehsal edən ölkələrindən biridir.”- deyə öz çıxışında bildirib.

Qeyd edək ki, gəmilərin tikintisinə bu il başlanacaq və hər üç gəmi 3,5 il ərzində Malayziya Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəkdir. Hökumətdən hökumətə (G2G) şəklində ediləcək razılaşma ilə STM layihənin dizaynından icrasına, tikintidən gəmilərin təhvil verilməsinə qədər bütün mərhələlərində cavabdeh olan əsas podratçı tərəfdir.

Uzunluğu 99,56 metr, yerdəyişmə qabiliyyəti 2500 ton, maksimal sürəti 26 düyün olacaq gəmilər helikopterlərin eniş platforması və 111 nəfərlik heyət imkanlarına sahib olacaqdır.

Bunu da əlavə edək ki, hərbi gəmilərin müşayiət və gözətçilik funksiyasını daşımaq üçün olan sinfi korvet adlanır. Korvetlər adətən su və hava məkanından gələn təhlükənin qarşısını almaq üçün müdafiə mövqeyini yerinə yetirirlər.

Mövzuya görə xəbərlər