Bakı. TurkicWorld :
Almaniya 2024-cü ildə iki maye təbii qaz (MTQ) terminalını istismara verməyi planlaşdırır.
TurkicWorld xəbər verir ki, bu barədə bu gün "Uniper" şirkətinin vitse-prezidenti Mixael Hilmer 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib.
"Bu ilin sonunadək Almaniyada hər birinin tutumu təqribən 5 milyard kubmetr olan iki yeni MTQ terminalı istismara veriləcək. Beləliklə, ölkəyə mühüm həcmdə qaz əlçatan olacaq", - o deyib.
Onun sözlərinə görə, Almaniya Rusiyadan qaz idxalını ABŞ-dan tədarüklərlə əvəz edərək Rusiya qazının istehlakını əhəmiyyətli dərəcədə azaltmağa nail olub.
"Hazırda Almaniyada MTQ həcmlərinin əksəriyyəti Amerika şirkətləri tərəfindən tədarük olunur", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakı Enerji Forumunda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.
Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.