Bakı. TurkicWorld:
Azərbaycan və Latviya arasında məhsulların nomenklaturasının genişləndirilməsi və əmtəə dövriyyəsinin gələcək inkişafı üçün geniş imkanlar mövcuddur.
TurkicWorld xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Latviya biznes forumunda deyib.
"Ölkələrimiz arasında qarşılıqlı səfərlərin aktiv dinamikası və dövlət başçılarımızın birgə tədbirlərdə iştirakı ilə möhkəmlənən münasibətlər çox uğurla inkşaf edir və strateji tərəfdaşlıq səviyyəsindədir. Bizim imzalanmış 45 sənədimiz, o cümlədən, Strateji Tərəfdaşlıq haqqında Bəyannaməmiz var və bunlar möhkəm ikitərəfli müqavilə hüquqi bazasını yaradır.
Həmçinin, investisiyaların təşviqi və qarşılıqlı mühafizəsi və ikiqat vergiqoymanın aradan qaldırılması haqqında mövcud sazişlər də əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə imkan yaradır", - deyə o bildirib.
O vurğulayıb ki, 2023-cü ildə ölkələr arasında əmtəə dövriyyəsi 65 milyon ABŞ dolları olub:
"Azərbaycanın Latviyaya ixracı 64 faiz artaraq 45 milyon dollara çatıb, ölkədən idxal isə 20 milyon dollar olub. 2024-cü ilin birinci rübündə isə ticarət dövriyyəsinin həcmi 6 milyon dollar təşkil edib. Bununla belə, məhsulların nomenklaturasının genişləndirilməsi və əmtəə dövriyyəsinin gələcək inkişafı üçün geniş imkanlar, o cümlədən, bir sıra rəqabət qabiliyyətli məhsulların qarşılıqlı idxalı və ixracı mövcuddur. İqtisadi əlaqələrimizin digər mühüm istiqaməti investisiya əməkdaşlığıdır.
Qeyd etmək istərdim ki, 1995-2023-cü illə ərzində Latviyanın Azərbaycana birbaşa xarici investisiyalarının (BXİ) dəyəri 166 milyon ABŞ dolları, Azərbaycanın Latviyaya yatırdığı BXİ dəyəri 166 milyon ABŞ dolları olub. Yəni bizdə əməkdaşlıq balansı mövcuddur, lakin tərəflər onu aktiv şəkildə inkişaf etdirməyin vacibliyini qəbul edirlər", - deyə nazir müavini bildirib.
O bu ilin fevral ayında Azərbaycanda sənaye, nəqliyyat, ticarət və xidmət sahələrində qeydiyyatdan keçmiş 69 Latviya şirkətindən 48-nin aktiv olduğunu qeyd edib.
"Əlavə etmək istərdim ki, Latviya və Azərbaycan, həmçinin, Avropa İttifaqının (Aİ) ümumi dəyəri 9 milyon avro olan 8 tvinninq layihəsində birgə iştirak edib ki, bu da bir neçə cəbhədə tərəfdaşlığa sadiqliyimizi nümayiş etdirir", - deyə S.Məmmədov əlavə edib.