COP29 Azərbaycan-BMT münasibətlərində yeni səhifə açacaq - Sahib Məmmədov

COP29 Azərbaycan-BMT münasibətlərində yeni səhifə açacaq - Sahib Məmmədov

Bakı. TurkicWorld:

COP29 Azərbaycan-BMT münasibətlərində yeni səhifə açacaq.

TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi bəşəriyyətin ən aktual problemlərinin müzakirə olunduğu platformaların Azərbaycanda təşkil olunması ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli vətəndaş kimi mövqeyini təsdiqləyir və BMT ilə münasibətlərimizdə yeni səhifə açır", - o deyib.

O, bu ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsini xatırladıb.

"Yuxarıda qeyd olunan qərarlardan çıxış edərək, eləcə də, bu ilin noyabr ayında COP29-un ölkəmizdə təşkil olunacağını nəzərə alaraq düşünürəm ki, hətta Çərçivə sənədi üzrə həyata keçirdiyimiz layihələrdə də üstünlüyü ekoloji layihələrə verməliyik", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.