Bakı. TurkicWorld:
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Avropanın LEF (Latviya-Estoniya-Finlandiya) layihəsi ilə birgə Bakıda 14-20 mart tarixlərində "yaşıl" texnologiyalar, eləcə də suyun təmizlənməsi və turizm sektorunda yeni imkanlar üzrə tədbir keçirib.
TurkicWorld bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasına istinadən xəbər verir.
Məlumata əsasən, tədbirdə Latviya, Estoniya və Finlandiyadan 5 şirkətin və 23 Azərbaycan şirkətinin nümayəndələri iştirak edib.
"Müvafiq xidmət, mallar və "nou-hau" biliklərin ixracı vasitəsilə "yaşıl" iqtisadiyyatda innovasiyaları təşviq etməyin yollarını müzakirə etdik", - məlumatda qeyd olunub.
AHK bundan sonra da Avropa və Azərbaycan şirkətləri arasında məhsuldar dialoqa imkan yaratmaq istədiyini vurğulayıb.
AHK 170 Avropa şirkəti ilə birlikdə 2012-ci ildən azərbaycanlı tərəfdaşların inteqrasiyasına köməklik göstərməklə 1999-cu ildə Alman Azərbaycan Biznes Assosiasiyası (DAWF) tərəfindən başladılan fəaliyyəti davam etdirir.