Azərbaycan və Latviya Azərbaycanın qeyri-neft məhsullarının ixracının genişləndirilməsini müzakirə ediblər

Azərbaycan və Latviya Azərbaycanın qeyri-neft məhsullarının ixracının genişləndirilməsini müzakirə ediblər

Bakı. TurkicWorld:

Azərbaycan və Latviya Azərbaycanın qeyri-neft məhsullarının ixracının genişləndirilmə istiqamətlərini müzakirə ediblər.

TurkicWorld bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müavini Normunds Şmits ilə görüşüb.

Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar, əlverişli investisiya mühiti və tətbiq edilən güzəştlər barədə məlumat verilib.

Bildirilib ki, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.

Görüşdə tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri, o cümlədən ölkəmizdə istehsal edilən qeyri-neft-qaz məhsullarının ixracı, birgə layihələrdə iştirak, kənd təsərrüfatı, alternativ enerji, qida təhlükəsizliyi və s. istiqamətlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2024-cü ilin yanvar ayında Azərbaycan Latviyaya 464,5 min ABŞ dolları dəyərində məhsul ixrac edib, 1,693 milyon dollar dəyərində məhsulu isə idxal edib.