STAR neft emalı zavodu təbii maye qaz istehsalını azaldıb

STAR neft emalı zavodu təbii maye qaz istehsalını azaldıb

Bakı. TurkicWorld:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 2023-cü ilin may ayında 15 114 ton maye təbii qaz (MTQ) istehsal edib. 2022-ci ilin həmin ayında isə bu göstərici 16 963 ton olub.

TurkicWorld Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir ki, NEZ-də bu məhsulun istehsalı illik hesablamada 10,9 faiz azalıb.

Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard dollar olan STAR NEZ 2018-ci ilin oktyabrında işə salınıb. Layihə xərclərinin təqribən 3,3 milyard dolları borc vəsaitlərinin hesabına qarşılanıb.

STAR NEZ-in illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 000 barel xam neft emal etmək gücündədir.

SOCAR Türkiye 2024-cü ildə STAR NEZ-in fəaliyyətini texniki qulluq məqsədilə dayandırmağı planlaşdırır. NEZ-in fəaliyyəti istismara verildikdən sonra ilk dəfə dayandırılacaq. İlk növbədə planlı təmir işləri aparılacaq. Bu gün görülən tədbirlər nəticəsində NEZ-in fəaliyyətinin təmir məqsədilə dayandırılmasının dövriliyini dörd ildən beş ilədək artırmaq planlaşdırılır ki, bu da 40 milyon ABŞ dollarınadək qənaət etməyə imkan verəcək.