Son dəqiqə

Səudiyyə Ərəbistanı Rəqəmsal təhlükəsizlik şagirdlər İnternet təhlükəsizliyi Onlayn təhlükəsizlik Səudiyyə məktəbləri

Səudiyyə məktəblərində onlayn təhlükəsizlik üzrə təlimlər genişləndiriləcək

BAKI,TurkicWorld

Səudiyyə Ərəbistanında növbəti üç il ərzində 126 mindən çox şagird, müəllim və valideynə internetdə təhlükəsiz davranış qaydaları üzrə təlimlərin keçirilməsi planlaşdırılır. Təşəbbüs “İNJAZ Əl-Ərəb” tərəfindən həyata keçiriləcək və “Qugıl”ın xeyriyyə qurumu tərəfindən dəstəklənəcək.

TurkicWorld xəbər verir ki, proqram çərçivəsində “İnternet qəhrəmanları” adlı ərəb dilli internet təhlükəsizliyi tədris proqramı ölkənin dövlət məktəblərində genişləndiriləcək. Proqram Səudiyyə Ərəbistanının Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Təlimlərin 120 min ibtidai sinif şagirdini, 3 750 müəllimi və 2 250 valideyn və himayəçini əhatə etməsi nəzərdə tutulur. Təşəbbüs uşaqlara rəqəmsal mühitdən təhlükəsiz istifadə etməyi öyrətməklə yanaşı, müəllim və valideynlərə bu bilikləri məktəbdə və evdə möhkəmləndirmək üçün lazımi bacarıqlar qazandırmağı hədəfləyir.

Proqram “İNJAZ Səudiyyə Ərəbistanı”nın milli müsabiqəsi çərçivəsində keçirilən tədbirdə Təhsil Nazirliyinin ümumi təhsil üzrə nazir müavini Səd bin Avəd Əl-Hərbinin iştirakı ilə təqdim olunub.

“İnternet qəhrəmanları” proqramında uşaqlara internetdən məsuliyyətli istifadə, rəqəmsal vətəndaşlıq və təhlükəsizlik qaydalarını öyrətmək üçün interaktiv tədris vasitələrindən istifadə olunur. Təşəbbüs müəllimləri, valideynləri və digər himayəçiləri də təlimlərə cəlb edir.

“İNJAZ Əl-Ərəb”in məlumatına görə, təşkilatla “Qugıl” arasında 2021-ci ildən davam edən əməkdaşlıq çərçivəsində indiyədək Səudiyyə Ərəbistanında 76 mindən çox insan internet təhlükəsizliyi üzrə təlim keçib.

Təşkilatın rəhbəri Əkif Əqrəbavi bildirib ki, sürətlə dəyişən rəqəmsal dünyaya hazırlıq ümumi məsuliyyətdir və uşaqların təhlükəsizliyinin qorunması bu prosesin əsas istiqamətlərindən biri olmalıdır.

Səudiyyə Ərəbistanı və Şimali Afrika üzrə hökumət əlaqələri və dövlət siyasəti rəhbəri Sara Əl-Hüseyni isə ailələrin uşaqlarının internetdə təhlükəsiz şəkildə öyrənə, araşdıra və rəqəmsal imkanlardan yararlana biləcəyinə əmin olmasının vacibliyini vurğulayıb.

Səudiyyə Ərəbistanının Təhsil Nazirliyi də uşaqlara rəqəmsal mühitdən təhlükəsiz və məsuliyyətli istifadə etməyi öyrətməyin onların gələcəyə hazırlanmasının bir hissəsi olduğunu bildirib.

Mövzuya görə xəbərlər