BAKI,TurkicWorld,Yusif Şərifzadə
İordaniyanın vəliəhdi şahzadə Hüseyn bin Abdullah bazar ertəsi İsa Məsihin Vəftiz yerini — İordan çayının o tayındakı Beytaniyanı ziyarət edib. Vəliəhd xristian zəvvarların və turistlərin ziyarət şəraitinin yaxşılaşdırılması məqsədilə ərazinin inkişaf etdirilməsi ilə bağlı göstərişlər verib.
TurkicWorld xəbər verir ki, İordaniya Kral Sarayının məlumatına görə, vəliəhdi kralın dini və mədəni məsələlər üzrə baş müşaviri və xüsusi nümayəndəsi, Vəftiz Yeri Komissiyasının Himayəçilər Şurasının sədri şahzadə Qazi müşayiət edib.
Səfər zamanı vəliəhdə xristian zəvvarlara və digər ziyarətçilərə göstərilən xidmətlər barədə məlumat verilib.
Şahzadə Hüseyn 2030-cu ildə İsa Məsihin vəftizinin 2000 illiyi münasibətilə nəzərdə tutulan tədbirlərə indidən hərtərəfli hazırlıq görülməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, yubiley tədbirləri Vəftiz yerinin dərin tarixi və dini əhəmiyyətini əks etdirməli, eyni zamanda İordaniyanın xristian ziyarətgahları üzrə dünyanın aparıcı dini turizm istiqamətlərindən biri kimi mövqeyini gücləndirməlidir.
Vəliəhd, həmçinin Turizm və Qədim Abidələr Nazirliyi, İordaniya Turizm Şurası və digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə Vəftiz yerinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasına çağırıb.
Səfərdə şahzadə Məryəm Qazi, turizm və qədim abidələr naziri İmad Hicazin, Vəliəhd Ofisinin direktoru Zeyd Baqain və Vəftiz Yeri Komissiyasının baş direktoru Abdullah Bəvarid də iştirak ediblər.







