BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin müdafiə naziri İsrael Kats Suriyanın şimal-qərbində yerləşən Əbu əd-Duhur hərbi hava bazasına avqustun 18-də endirilən zərbələrin Türkiyənin həmin obyektdə planlaşdırdığı iddia olunan hərbi fəaliyyətlə əlaqəli olduğunu bildirib. Ankara və Dəməşq isə İsrailin iddialarını rədd edib.
TurkicWorld xəbər verir ki, Katsın sözlərinə görə, İsrail ordusu əldə etdiyi kəşfiyyat məlumatlarına əsasən Türkiyənin Əbu əd-Duhur bazasında İsrailin təhlükəsizliyinə təhdid yarada biləcək fəaliyyət planlaşdırdığı qənaətinə gəlib və bazaya zərbə endirilməsini tövsiyə edib.
İsrailin müdafiə naziri bildirib ki, hücum təsdiqlənməzdən əvvəl Suriya rəhbərliyinə “ən yüksək səviyyədə” xəbərdarlıq çatdırılıb. İsrailin malik olduğu kəşfiyyat məlumatlarının ABŞ rəsmiləri ilə də bölüşüldüyü bildirilib.
Katsın iddiasına görə, Dəməşq İsrailin tələbinə cavab vermədiyi üçün hərbi əməliyyatın keçirilməsinə qərar verilib. Bununla belə, Suriya tərəfi İsrailə Əbu əd-Duhurda daimi Türkiyə hərbi bazasının yaradılması planının olmadığını bildirdiyini açıqlayıb.
Türkiyə Müdafiə Nazirliyi də İsrailin iddialarını rədd edib. Nazirlik Əbu əd-Duhur bazasına hücumdan əvvəl və hücum zamanı ərazidə Türkiyə hərbi nümayəndə heyətinin olmadığını bildirib.
Suriya tərəfi Türkiyə hərbçilərinin hərbi təlim və təcrübə mübadiləsi çərçivəsində obyektə səfər etdiyini təsdiqləsə də, bazada Türkiyə qüvvələrinin yerləşdirilməsi planının olmadığını vurğulayıb.
İsrail avqustun 18-də Əbu əd-Duhur hərbi hava bazasına səkkiz hava zərbəsi endirib. Hücum nəticəsində uçuş-enmə zolağına və bazanın infrastrukturuna ziyan dəyib, insan tələfatı qeydə alınmayıb.
ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak hücumu “lazımsız gərginləşmə” adlandırıb. Vaşinqton hazırda Türkiyə, İsrail və Suriya arasında yanlış anlaşılmaların və mümkün hərbi toqquşmaların qarşısını almaq üçün xüsusi əlaqələndirmə mexanizmi yaratmağa çalışır.
Kats isə Barrakın açıqlamasını tənqid edərək onun mövqeyində yanlışlıqlar olduğunu iddia edib. Əbu əd-Duhur ətrafında yaranmış böhran Türkiyə ilə İsrail arasında Suriyadakı hərbi və təhlükəsizlik maraqları ilə bağlı gərginliyin daha da artdığını göstərir.







