Son dəqiqə

İran Çin ABŞ Vaşinqton Pekin ABŞ-İran münasibətləri Lin Cien Çin–İran münasibətləri

Pekin Vaşinqton və Tehranı danışıqlar masasına çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Vaşinqtonun Tehrana qarşı yeni sanksiyalar tətbiq etmək təhdidləri fonunda ABŞ və İranı fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə həll etməyə çağırıb. Pekin birtərəfli sanksiyalara qarşı olduğunu bir daha bəyan edib.

TurkicWorld xəbər verir ki, Lin Cien sosial şəbəkədə yaydığı açıqlamada beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının mandatına əsaslanmayan birtərəfli sanksiyaların Çin tərəfindən qəbul edilmədiyini bildirib.

Çin rəsmisinin sözlərinə görə, hərbi gücdən istifadə və təzyiq siyasəti mövcud problemlərin həllinə kömək etməyəcək. Əksinə, Pekin hesab edir ki, belə addımlar qarşıdurmanın daha da kəskinləşməsinə səbəb ola bilər.

“Hərbi güc və təzyiq vasitələri yalnız gərginliyin artmasına gətirib çıxaracaq və bu, heç bir tərəfin maraqlarına xidmət etmir”, – Lin Cien bildirib.

O, ABŞ və İran da daxil olmaqla tərəfləri məsuliyyətli davranmağa və mövcud fikir ayrılıqlarını siyasi-diplomatik vasitələrlə aradan qaldırmağa çağırıb. Pekin dialoq və danışıqları böhrandan çıxışın əsas yolu kimi təqdim edir.

Çinin açıqlaması Vaşinqtonun İrana qarşı yeni iqtisadi məhdudiyyətlər tətbiq etmək niyyətini bildirdiyi bir dövrə təsadüf edir. ABŞ Tehran üzərində iqtisadi təzyiqi artırmağa və İranla iqtisadi əlaqələri davam etdirən tərəflərə qarşı əlavə tədbirlər görməyə hazırlaşdığını bildirir.

Pekin isə ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxmaqla yanaşı, İran məsələsinin hərbi və iqtisadi təzyiq vasitəsilə deyil, danışıqlar masası arxasında həll edilməli olduğunu vurğulayır.

Mövzuya görə xəbərlər