BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İran ərazisindən ölkəyə doğru iki ballistik raketin buraxıldığını açıqlayıb. Nazirliyin məlumatına görə, hava hücumundan müdafiə sistemləri hər iki raketi aşkar edib.
TurkicWorld xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyinin açıqlamasına əsasən, raketlərdən birincisi ölkənin ərazi sularından kənara, ikincisi isə Birləşmiş Ərəb Əmirliklərinin ərazi sularına düşüb. İlkin məlumatlarda raketlərin insan tələfatına və ya dağıntılara səbəb olması barədə məlumat verilməyib.
Hadisədən əvvəl BƏƏ-nin Daxili İşlər Nazirliyi əhalinin telefonlarına mümkün raket təhlükəsi barədə xəbərdarlıq göndərmişdi. Sakinlərdən dərhal yaxınlıqdakı təhlükəsiz binaya keçmələri istənilmişdi.
BƏƏ Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. Nazirlik istənilən təhlükəyə qarşı tədbir görməyə və dövlətin təhlükəsizliyini pozmağa yönəlmiş cəhdlərin qarşısını qətiyyətlə almağa hazır olduğunu vurğulayıb.
Açıqlamada ölkənin suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin qorunmasının əsas məqsəd olduğu bildirilib. Eyni zamanda, BƏƏ-nin milli maraqlarının və imkanlarının müdafiəsi üçün bütün zəruri tədbirlərin görüləcəyi qeyd olunub.
Təhlükədən sonra BƏƏ rəsmiləri ölkədə vəziyyətin təhlükəsiz olduğunu bildiriblər. Bəzi ərazilərdə eşidilən qeyri-adi səslərin hava hücumundan müdafiə sistemlərinin təhlükəyə qarşı fəaliyyəti ilə əlaqəli olduğu açıqlanıb.







