BAKI,TurkicWorld,Yusif Şərifzadə
Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) husilərin Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran bölgəsinə endirdiyi və bir neçə mülki şəxsin yaralanmasına səbəb olduğu bildirilən zərbələri kəskin şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki, KƏŞ-in baş katibi Casim Məhəmməd əl-Budeyvi hücumu beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn prinsiplərinin pozulması kimi qiymətləndirərək, bunu "terror aktı" adlandırıb.
Əl-Budeyvi bildirib ki, mülki insanların təhlükəsizliyini təhdid edən bu cür hücumlar qəbuledilməzdir və regionda gərginliyin daha da artmasına səbəb ola bilər.
Baş katib Səudiyyə Ərəbistanının təhlükəsizliyinin digər KƏŞ üzvlərinin təhlükəsizliyindən ayrı olmadığını xüsusi vurğulayıb.
Onun sözlərinə görə, Körfəz ölkələri krallığın təhlükəsizliyinə və sabitliyinə qarşı yönəlmiş təhdidlər qarşısında Səudiyyə Ərəbistanı ilə tam həmrəydir.
KƏŞ həmçinin Ər-Riyadın sərhədlərini, suverenliyini və müstəqilliyini qorumaq məqsədilə həyata keçirdiyi tədbirlərə tam dəstəyini ifadə edib.
Bəyanat husilərin Nəcran istiqamətində həyata keçirdiyi hücumlarla bağlı Körfəz və ərəb ölkələrindən gələn reaksiyaların artdığı bir dövrdə verilib.






