BAKI,TurkicWorld,Yusif Şərifzadə
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə tabe olan Fövqəladə Hallar Qüvvələri düşərgələrinə edilən hücumlar nəticəsində insan tələfatı və maddi ziyanın olduğunu açıqlayıb.
TurkicWorld xəbər verir ki, ilkin məlumata görə, Mərib və Hədrəmaut vilayətlərində yerləşən hərbi bazalar husilərin həyata keçirdiyi ehtimal olunan raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarının hədəfinə çevrilib.
Hücumlar nəticəsində çoxsaylı ölən və yaralananların olduğu bildirilsə də, onların dəqiq sayı hələlik açıqlanmayıb.
Yəmən rəsmiləri bazalara ciddi maddi ziyan dəydiyini və vəziyyətin nəzarətə götürülməsi istiqamətində tədbirlərin görüldüyünü qeyd ediblər.
2022-ci ilin aprel ayından etibarən ölkədə nisbi sakitlik hökm sürsə də, hökumət qüvvələri ilə husilər arasında vaxtaşırı silahlı toqquşmalar davam edir.
Husilər 2014-cü ilin sentyabrından etibarən paytaxt Səna və ölkənin bir sıra digər ərazilərinə nəzarət edirlər.
İyulun əvvəlindən etibarən Yəmənin müxtəlif cəbhə xətlərində döyüşlər yenidən şiddətlənib və hər iki tərəfdən onlarla döyüşçünün öldüyü və yaralandığı bildirilir.







