BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində İsrailə məxsus pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində bir neçə nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, hadisə zamanı yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Qəzza zolağına endirilən hücumlar gün ərzində də davam edib. Qəzzanın mərkəzində yerləşən Salahəddin küçəsində fələstinlilərin olduğu əraziyə endirilən hava zərbəsi nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Bundan başqa, Qəzza şəhərinin şimal-qərbində yerləşən Kəşfiyyat İdarəsinin qərargahı yaxınlığına pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində də bir neçə nəfər xəsarət alıb.
Yaralananlar arasında bir qadın və bir uşağın da olduğu bildirilir.
İsrail tərəfi hadisələrlə bağlı hələlik rəsmi açıqlama verməyib.







