BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ölkəsinə göstərdiyi davamlı dəstəyə görə təşəkkür edib və Körfəz ölkələrini hədəf alan hücumları qətiyyətlə pislədiyini bir daha bəyan edib.
TurkicWorld xəbər verir ki, Prezident Cozef Aun bu fikirləri BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobbaş ilə keçirdiyi görüş zamanı səsləndirib. Livan Prezident Administrasiyasının X sosial şəbəkəsində yayımladığı məlumata görə, Aun BƏƏ-nin Livana bütün sahələr üzrə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Prezident həmçinin Körfəz ölkələrinə qarşı həyata keçirilən hücumları pislədiyini bir daha vurğulayıb. Onun sözlərinə görə, bu cür hücumların davam etməsi Körfəz regionunun, eləcə də bütövlükdə Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid yaradır.
Cozef Aun BƏƏ-nin öz vətəndaşlarına Livana səfər etməyə yenidən icazə verməsi barədə son qərarını da alqışlayıb. O bildirib ki, bu addım iki ölkə və xalqlar arasında qardaşlıq münasibətlərinin dərinliyini əks etdirir.
BƏƏ tərəfi görüşlə bağlı əlavə açıqlama verməyib.







