BAKI,TurkicWorld,Yusif Şərifzadə
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) Omanın Duqm şəhərindən təxminən 100 dəniz mili şərqdə ticarət gəmisi ilə hərbi qüvvələr arasında baş vermiş insidentlə bağlı araşdırma aparıldığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, UKMTO-nun yaydığı məlumata görə, hadisə bölgədə davam edən hərbi fəaliyyət çərçivəsində qeydə alınıb.
Mərkəz bildirib ki, hadisə ticarət gəmisi ilə hərbi qüvvələr arasında qarşılıqlı təmas zamanı baş verib. Hadisənin detalları və iştirak edən tərəflər barədə əlavə məlumat açıqlanmayıb.
UKMTO qeyd edib ki, aidiyyəti qurumlar insidentdən məlumatlıdır və araşdırma davam edir.
Qurum daha əvvəl də cümə axşamı Omanın Duqm şəhərindən təxminən 100 dəniz mili şərqdə tankerin hərbi qüvvələrlə əlaqəli insidentə cəlb olunduğunu bildirmişdi.
Hazırda gəminin vəziyyəti, ekipajın təhlükəsizliyi və insidentin səbəbləri barədə rəsmi məlumat verilməyib.







