BAKI,TurkicWorld
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İraqın Bəsrə şəhərində yerləşən Küveyt Baş Konsulluğuna qarşı davam edən hücumları qətiyyətlə pisləyib və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, ölkə Küveyt Baş Konsulluğunu hədəf alan hücumları ən sərt şəkildə rədd edir.
Nazirlik diplomatik nümayəndəliklərə, missiyalara və onların əməkdaşlarına beynəlxalq hüquq və normalara uyğun şəkildə qorunma təmin edilməsinin vacibliyini qeyd edib.
BƏƏ Xarici İşlər Nazirliyi xüsusilə Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına istinad edərək, diplomatik obyektlərin toxunulmazlığının və diplomatların təhlükəsizliyinin beynəlxalq hüquqla zəmanət altına alındığını bildirib.
Açıqlamada İraq hökumətinə müraciət edilərək Küveyt Baş Konsulluğunun və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi, hücumların səbəblərinin hərtərəfli araşdırılması və bu kimi hadisələrin təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tələb olunub.
BƏƏ İraq hakimiyyətini hücumlara görə məsul şəxslərin müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunması üçün bütün lazımi addımları atmağa çağırıb.
Hadisə regionda diplomatik nümayəndəliklərin təhlükəsizliyi və dövlətlərarası münasibətlər baxımından ciddi narahatlıq doğuran addım kimi qiymətləndirilir.






