BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa İttifaqı müharibədən ağır zərər görmüş Qəzza zolağı üçün genişmiqyaslı yardım proqramına başlayıb. Təşəbbüsün məqsədi bölgədə yaşayan insanların əsas ehtiyaclarının qarşılanması, ilkin bərpa işlərinin dəstəklənməsi və humanitar vəziyyətin yaxşılaşdırılmasıdır.
TurkicWorld xəbər verir ki, Avropa Komissiyası 15 tərəfdaşın iştirakı ilə Qəzzaya 883,6 milyon avro, yəni təxminən 1 milyard dollar həcmində yardımın çatdırılmasını nəzərdə tutan təşəbbüs başladığını açıqlayıb. “Qəzza komandası təşəbbüsü” Brüsseldə keçirilən Fələstin Donor Qrupunun toplantısı çərçivəsində təqdim olunub.
Avropa Komissiyasının məlumatına görə, təşəbbüs müharibədən ciddi zərər çəkmiş Qəzza zolağında davam edən və planlaşdırılan ilkin bərpa layihələrini dəstəkləyəcək.
Proqrama 12 Avropa ölkəsi və Yaponiya ilə yanaşı, Dünya Bankı və Avropa İnvestisiya Bankı da qoşulub. Tərəfdaşların yardımların əlaqələndirilməsi və bərpa prosesinin dəstəklənməsində iştirak edəcəyi bildirilib.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Avropa İttifaqı fələstinlilər üçün etibarlı tərəfdaşdır. Onun sözlərinə görə, Qəzza əhalisinin əsas ehtiyaclarının ödənilməsi, həyat şəraitinin bərpası və yenidənqurma işləri üçün davamlı maliyyə dəstəyi vacibdir.
Kaya Kallas qeyd edib ki, Fələstin dövlətinin qurulması prosesi nəticə etibarilə fələstinlilərin rəhbərliyi ilə həyata keçirilməlidir, lakin bunun üçün beynəlxalq ictimaiyyətin dəstəyi mühüm əhəmiyyət daşıyır.






