Son dəqiqə

Suriya Əhməd əş-Şəraa

Suriyanın Suveyda vilayətində təhlükəsizlik məntəqələrinə hücum edilib

BAKI,TurkicWorld Orxan Qədirzadə

Suriyanın cənubundakı Suveyda vilayətində daxili təhlükəsizlik qüvvələrinin məntəqələrinə silahlı hücum nəticəsində baş verən toqquşmalarda iki silahlı şəxs öldürülüb, 16 nəfər isə yaralanıb.

Suriya hökumətindəki mənbənin məlumatına görə, insident Suveyda əyalətinin qərbində yerləşən Təl Hədid bölgəsi yaxınlığında qeydə alınıb. Silahlı qruplaşmaların daxili təhlükəsizlik qüvvələrinin mövqelərinə hücumundan sonra ərazidə qarşıdurma baş verib.

Bundan əvvəl Suriyanın dövlət televiziyası qanunsuz silahlı qruplaşmaların Suveyda vilayətində daxili təhlükəsizlik qüvvələrinin məntəqələrini ağır pulemyotlardan atəşə tutduğunu bildirib.

Təhlükəsizlik mənbələrinin məlumatına əsasən, silahlılar Təl Hədid bölgəsində yerləşən təhlükəsizlik postlarını ağır silahlardan atəşə tutublar.

Yerli "Suriya İndi" platformasının məlumatına görə, qarşıdurma zamanı "Milli Qvardiya" adlandırılan silahlı dəstənin üzvləri arasında da yaralananlar olub.

Hadisə son aylarda Suveydada müşahidə olunan təhlükəsizlik gərginliyinin davamı kimi qiymətləndirilir. Bölgədə müxtəlif silahlı qruplar tərəfindən təhlükəsizlik qüvvələrinin post və patrullarına vaxtaşırı hücumlar həyata keçirilir.

Suveydada 2025-ci ilin iyul ayından bəri atəşkəs razılaşması qüvvədədir. Həmin dövrdə bədəvi tayfaları ilə druz icması arasında baş vermiş silahlı toqquşmalar nəticəsində yüzlərlə insan həlak olmuş və yaralanmışdı.

Suriya hakimiyyəti bəyan edir ki, bəzi silahlı qruplar, o cümlədən druz dini liderlərindən biri olan Hikmət əl-Hicrinin tərəfdarları atəşkəs rejimini dəfələrlə pozaraq hərbi məntəqələrə hücum ediblər. Rəsmi Dəməşq isə razılaşmaya əməl etdiyini, mülki şəxslərin təxliyəsinə və humanitar yardımın bölgəyə çatdırılmasına şərait yaratdığını bildirir.

Suriya hökuməti 2024-cü il dekabrın 8-də Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra ölkə ərazisində təhlükəsizliyi tam bərpa etmək və dövlət nəzarətini bütün bölgələrdə təmin etmək əzmində olduğunu bir daha vurğulayıb.

Mövzuya görə xəbərlər