BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan və Suriya arasında qarşılıqlı hörmətə və bir-birinin daxili işlərinə qarışmamağa dair razılaşma imzalanıb. Sənəd iki ölkə arasında münasibətlərin yeni əsaslar üzərində inkişaf etdirilməsini nəzərdə tutur.
TurkicWorld xəbər verir ki, razılaşma Livanın Baş naziri Nəvaf Salamın Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə Beyrutda keçirdiyi görüş zamanı imzalanıb. Görüşdə hər iki ölkənin nümayəndə heyətləri iştirak edib.
Livanın rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, razılaşmada dövlətlərin suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət, tərəflərin bərabərliyi və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri öz əksini tapıb.
Tərəflər razılaşmanın gələcək əməkdaşlığın inkişafı üçün hüquqi və siyasi əsas yaradacağını bildiriblər. Sənədin bölgədə sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyi də qeyd olunub.
Razılaşma Livan və Suriyanın təhlükəsizlik baxımından mürəkkəb vəziyyətlə üzləşdiyi bir dövrdə imzalanıb. Hər iki ölkədə davam edən regional gərginlik təhlükəsizlik məsələlərini gündəmdə saxlamaqdadır.







