BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun ötən həftə Vaşinqtonda imzalanmış Livan–İsrail çərçivə sənədi ilə bağlı tənqidlərə cavab verərək, bunun saziş deyil, çərçivə sənədi olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin yaydığı məlumata görə, Prezident Cozef Aun bildirib ki, Livanın problemi İsraillədir və ölkə suveren dövlət kimi öz adından danışıqlar aparmaq hüququna malikdir.
O vurğulayıb ki, Livan çərçivə sənədi çərçivəsində hüquqi, siyasi və ya hərbi prinsiplərindən imtina etməyib.
Prezident müxtəlif hüquq və iqtisadi qurumların nümayəndələri ilə görüşündə ölkədə qarşıdurmaya yol verilməməsinin vacibliyini qeyd edib və vətəndaşları küçə etirazlarından çəkinməyə çağırıb.
Məlumata görə, çərçivə sənədində İsrailin Livanın cənubunda nəzarətdə saxladığı ərazilərdən dərhal çıxması nəzərdə tutulmur. Sənəddə bu prosesin Hizbullahın silahsızlaşdırılması ilə əlaqələndirilən mərhələli mexanizm əsasında həyata keçirilməsi qeyd olunur.






