BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa İttifaqında aviasiya yanacağı ehtiyatları ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Mütəxəssislər ilin ikinci yarısında yanacaq çatışmazlığının daha da dərinləşə biləcəyi barədə xəbərdarlıq edirlər.
TurkicWorld xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol aprel ayında bildirmişdi ki, Avropanın aviasiya yanacağı ehtiyatı təxminən altı həftəlik tələbatı ödəyə bilər.
Hazırda vəziyyət sabit qiymətləndirilsə də, Avropa hava limanlarında aviasiya yanacağına yüksək tələbatın davam etməsi ilin ortalarından sonra ciddi çətinliklər yarada bilər.
Avropa Komissiyasının energetika üzrə komissarı Dan Yorgensen bildirib ki, vəziyyət daim izlənilir. Onun sözlərinə görə, üzv dövlətlər milli ehtiyatlardan istifadə etmək qərarı versələr, Avropa Komissiyası bu prosesin əlaqələndirilməsi və təşkilinə dəstək göstərəcək.
Bu arada, dünya bazarlarında Brent markalı neftin qiyməti gün ərzində 5 faizdən çox ucuzlaşıb.






