Son dəqiqə

Ermənistan Nikol Paşinyan

Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

BAKI,TurkicWorld

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra yenidən rəsmi İrəvanın sülh kursuna, regional əməkdaşlığın inkişafına və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bəyan edib.

TurkicWorld bu barədə xarici mediaya istinadən xəbər verir.

Jurnalistlərin onun siyasi qüvvəsinin qələbəsindən sonra Türkiyə və Azərbaycan xalqlarına ünvanladığı mesajla bağlı sualını cavablandıran Paşinyan Ermənistan hökumətinin mövqeyinin dəyişməz qaldığını bildirib.

Onun sözlərinə görə, Ermənistan sülh, regional rifah və əməkdaşlığın tərəfdarıdır və bu yanaşmanın həm Türkiyədə, həm də Azərbaycanda müsbət qarşılanacağına ümid edir.

Baş nazir qeyd edib ki, əsas vəzifələrdən biri Ermənistan və Azərbaycan arasında sülh prosesinin instituallaşdırılmasıdır. O xatırladıb ki, tərəflər artıq sülh sazişinin mətnini razılaşdırıblar və növbəti addım onun imzalanması olmalıdır.

Ermənistan–Türkiyə münasibətlərinə toxunan Paşinyan iki ölkə arasında sərhədin açılması və diplomatik münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb. O, həmçinin Axalkalaki–Qars dəmir yolu marşrutunun erməni yükləri üçün açılmasını müsbət qiymətləndirib və bu addımın ticarət və logistika baxımından əhəmiyyətini qeyd edib.

Hökumət başçısının sözlərinə görə, Ermənistan və Türkiyə arasındakı münasibətlər hazırda müsbət dinamika üzrə inkişaf edir, lakin yekun nəticənin əldə olunması üçün əlavə səylərə ehtiyac var.

Paşinyan həmçinin Ermənistan hakimiyyətinin bütün Cənubi Qafqaz üçün strateji təşəbbüs kimi qiymətləndirdiyi “Sülh Qovşağı” layihəsinə toxunub. Onun fikrincə, bu layihənin həyata keçirilməsi regionun nəqliyyat və iqtisadi arxitekturasını köklü şəkildə dəyişə bilər.

Mövzuya görə xəbərlər